Azərbaycanın mədəniyyət tarixində nakam tale yaşamış xeyli sənətkar olub. Amma aralarında elələri də var ki, onlar faciəli ömür yolu ilə bərabər, faciəli ölüm də yaşayıblar.
Faciəli surətdə dünyalarını dəyişən sənətkarlardan, mədəniyyət xadimlərindən bir qismini təqdim edirik:
Xanəndə Səxavət Məmmədov. 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında faciəli şəkildə dünyasını dəyişdi. İnsanlar o qəzanı birmənalı, təsadüfi avtomobil qəzası kimi qarşılamadılar. Səxavət Məmmədov onsuz da ağır durumda, faciənin içində olan qarabağlılar üçün öz səsi ilə bir təsəlli obyekti idi. Öldüyü gün bu səsdə təsəlli tapmaq istəyənlər onu doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola saldı. Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.
Müğənni Nəzakət Məmmədova. Bu xanım müğənni qısa ömür yaşadı. Buna baxmayaraq bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil etdi. Özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerji onu hamının sevimlisinə çevirmişdi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəydi. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb oldu. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişdi. Səriştəsiz “həkim” isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi.