x
Loading...

Körfəzdə suyu bulandıran İran izi, Qətər niyə vuruldu?

Ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy də Qətərlə diplomatik əlaqələri kəsib.

Baş verən hadisələrlə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, Yaxın Şərq əslində tarixi müəyyən qədər əvvələ gedib çıxan, lakin siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir “Ərəb qarşıdurması”na meydan olmaqdadır:

“Yeddi ərəb ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir: Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb, kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin “Hizbullah” və “Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, “dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. Ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əlaqədardır.

Ərəb rəqabəti...

Ərəb ölkələri arasında siyasi rəqabət içində daha çox olan iki ölkə məhz Qətər və Səudiyyə Ərəbistanıdır. Suriyadakı müxalifət içində parçalanmalar biri-biri ilə rəqabət içində olan bu iki ölkəni fərqli qruplaşmaları dəstəkləmələrinə yol açmaqdadır. Qətər yerli sünni-ərəb əşirətlərinə yardım və dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsalar da, müxalifət içində öz güclərini artırmaq niyyətindədirlər və post-Əsəd dövrünə öz maraqlarına uyğun alternativlərini formalaşdırmaq niyyətindədirlər. Bu zaman diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur.


İran ərəblərin biri-birilərini qorxutmaları üçün istifadə etdikləri ünvandır

Trampın məlum səfəri zamanı Səudiyyəyə olan tam dəstək və bu ölkənin lider mövqeyinin qabardılması, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun kilid adı olan Qətəri qıcıqlandırdı. Nəticədə məlum açıqlamalar səsləndi. Nə qədər qəribə səslənsə də, Livana qədər uzanan “Şiə koridoru” formalaşdırmaq niyyətində olan, İraq və Suriya iqtidarına tam təsir etmək gücü ilə Aralıq dənizinə çıxış əldə edən, Yəmən və Bəhreyndə nüfuz qarşıdurması yaşadan İran, bu gün ərəblərin biri-birilərini qorxutmaları üçün istifadə etdikləri ünvan olmaqdadır.

Qətərin təcridi siyasətində önəmli məqam məhz İrana olan bu loyal münasibətdir. Trampın iqtidara gəlişi ilə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda, amerikalıların dövlət başçısının Yaxın Şərq səfəri zamanı bu ölkəyə münasibətlə bağlı Səudiyyə Ərəbistanı ilə aparılan məsləhətləşmələr, ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə Ərəbistanı İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində bunun bir əlaməti idi.

Səudiyyə Ərəbistanı Qətəri İrana qarşı koalisiyanın işinə zorla da olsa çəkmək məcburiyyətindədir

Burada diqqət çəkən başqa bir məqam odur ki, İran ilə birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər, geosiyasi durumu səbəbi ilə İran ilə birlikdə hərək etdiyində Körfəz dəngələrinə ciddi təsir edə biləcək gücdədir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Qətəri İrana qarşı koalisiyanın işinə zorla da olsa çəkmək məcburiyyətindədir, bunu eədə bilmədikdə isə təir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacağı artıq indidən aydındır.

Son olaraq...

Qətərə qarşı birliyə keçən ölkələrin sayının artacağı istisna deyil. Təbii ki, bu zaman irəli sürülən başlıca arqument məhz İran faktoru olacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR