Supemarketlərdə növbələr, dükanlarda növbələr, paytaxtdakı Həmad beynəlxalq aeroportunda uçuş gözləyənlərin intizarı, "Qatar Airways" aviaşirkətinin ofislərinin önündə növbələr. Dünyanın ən zəngin ölkələrindən biri, adambaşına düşən milli gəlirin 130 min dolları keçdiyi Qətərdə ölkə tarixinin bəlkə də ən ağrılı, ən çətin dönəmlərindən biri yaşanır.

Səbəb ABŞ prezidenti Donald Trampın qəzəbli açıqlamalarından, Qətərin hakimiyyət dairələrini beynəlxalq terroru dəstəkləməkdə dolayısı ilə, üstüörtülü şəkildə suçlamasından sonra Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Qətərə qarşı tətbiq olunan cəza sanksiyalarıdır.
Sankisyalara Qərbin bəzi ölkələri, habelə kiçik ada dövləti Maldiv də qatılıb.

Qətərlə Fars Körfəzindəki monarxiyalar arasında münasibətlərin belə düşmənçilik həddinə çatmasının səbəbləri çoxdur.
Qətər beynəlxalq və regional terrorizmi suçlamaqda, digər ərəb ölkələrinin daxili işlərinə qarışmaqda suçlanıb.
İlk əvvəl Qətəri Bəhreyn suçladı. Daha sonra ittihamlara Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri qatıldılar.
Bir qədər də keçdi, sanksiyalara Maldiv, Yəmən və Liviyanın dünya birliyi tərəfindən tanınan hökumətləri də qatıldılar.
Qətər vətəndaşlarına bu ölkələrin ərazisini 11 günə tərk etmək tapşırılıb. Habelə, Qətərlə hava, dəniz və quru nəqliyyatı dayandırılıb.
Qətərin idxaldan asılı olduğunu, xüsusilə də ölkəyə ərzaq məhsullarının və dərman preparatlarının, habelə benzinin 40-50 faizinin Səudiyyə Ərəbistanı ərazisindən daşındığını nəzərə alsaq, qətərlilər üçün sanksiyalar çox ağır nəticələr verəcək.

Ərəb aləminin ən populyar telekanalı olan Al Jazeera-nın sadalanan ölkələrə translyasiyası dayandırılıb, habelə həmin dövlətlərdəki nümayəndəlikləri bağlanıb.
Fars Körfəzinin monarxiyaları çoxdandı ki, Qətərdən qıcıqlanırdılar. Məsələn, 2014-cü ildə bir sıra ərəb ölkələri Qətərlə əlaqələri kəsəcəklərini demişdilər. Səudiyyə Ərəbistanı isə 2002-2008-ci illərdə Dohada səfir saxlamamış, bu minvalla Qətərə təzyiq etməyə çalışmışdı.
Məsələnin kökündə kiçik, əhalisi 1,57 milyon nəfər olan Qətərin regional siyasətdə ciddi rol oynayıb ağır çəkiyə malik olmaq istəyi idi.
Təbii qaz satışlarından əldə etdiyi gəlirlər hesabına xarici ölkələrdəki strukturlara investiyalarını 374 milyard dollara çatdırmış Qətər rəhbərliyi pulun gücünə o qədər inanmışdı ki, Dohanı az qala Səudiyyə Ərəbistanı ilə bərabər səviyyəli geosiyasi oyunçu saymağa başlamışdılar.
Mövqeyini nümayiş etdirməyə çalışan Qətər İranla seperat danışıqlar aparır, bununla da Fars Körfəzindəki monarxiyaları qıcıqlandırırdı. Bu durum xüsusilə "ərəb baharı" dönəmində, Qətərin rəsmi olaraq Misirdəki "Müsəlman qardaşlar" hərəkatını dəstəkləməsindən sonra özünü göstərdi.
Qətər habelə Fələstindəki "Həmas" hərəkatını maliyyələşdirməkdə, habelə "Əl Qaidə", İŞİD və "Ən Nüsra" terror təşkilatlarını dəstəkləməkdə suçlanır.
Və ən nəhayət, Qətər əmirinin ailə mənsublarının girovluqdan azad edilməsi üçün terrorçulara 1 milyard dolların ödənməsi iddiaları gündəmdə "bomba partlayışı" effekti yaradıb.
Ərəb ölkələri terrorçulara belə məbləğin ödənməsini əslində Qətərin terrorçuları maliyyələşdirməsini pərdələməsi sayırlar.
The Financial Times bildirir ki, 1 milyard dollar terrorçulara ödənəndən sonra həmin pulların 400 milyonu İranda qalıb, 300 milyon dolları "Hizbullaha çatdırılıb, yerdə qalan məbləğ isə Suriyada "Əl Qaidə" ilə bağlı olan "Təhrir əl Şam" qruplaşmasına çatıb.
Qətər əmirinin ailə üzvləri və qohumları 2015-ci ilin sonlarında İraqın cənubunda qırğı ovu zamanı terrorçuların əlinə keçmişdi. 26 girovu "Qətaib Hizbullah" qruplaşmasının mənsubları tutmuşdular.
Qətər əmiri Həmad bin Xəlifə əl Tani də girovların azad olunması üçün tələb olunan 1 milyard dolları ödəmişdi.
... Qətərlə bağlı baş verənlər Fars Körfəzi bölgəsində və ümumiyyətlə, Yaxın Şərqdə yeni regional lider qismində Səudiyyə Ərəbistanının çıxış etmək istəyidir.
Qətərə qarşı sanksiyaların çəkisini artıran başqa məqamsa ölkənin 2022-ci ildə futbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşmasıdır. Ərəb ölkələrinin blokadası davam edərsə, Qətər çox ağır maliyyə itkilərinə məruz qalacaq.
Olayların Qətərə hər hansı aşkar təzyiq və ya müdaxilə istiqamətində inkişafı birmənalı istisnadır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində