Plastik qabdan su içsək, zəhərlənərik?

Havaların isinməsi ilə əlaqədar gündəlik suya olan tələbatımızı plastik qablarda satılan sularla ödəyirik. Mütəxəssislər deyir ki, plastik qabda saxlanılan nəinki suyu, heç ərzağı da yemək olmaz.

“Bir çox ölkələr ərzaqların eləcə də, suların plastik qablarda qablaşdırılmasından imtina edir. Məsələn, Danimarkada plastik qab-qacaqdan istifadə qanunla qadağandır”.

Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib:

“Plastik qablar kimyəvi tərkibli qablardır. Plastik qabın tərkibində olan kimyəvi maddələr suyun və ya digər qida maddələrinin tərkibinə qarışır. Diqqətli olun, əgər qabın üzərində əzik olarsa, daha ciddi problem ola bilər. 20 dərəcədən yuxarı temperaturda saxlanılan plastik qablarda satılan heç bir qidanı almayın. Bu kütləvi və tədrici zəhərlənməyə gətirib çıxara bilər”.

AİB sədri əlavə edib ki, plastik qablar bir dəfə istifadə edilməlidir. Yaxşı olar ki, qabdakı suyu istehlak etdikdən sonra, qabı əzə və ya deşəsiniz. Çünki həmin qabları pulla alan yerlər var: “Su aldığınız qabın gigiyenasına fikir verən şirkətlərdən məhsul alın. Qablardakı su sizə çatdırıldıqdan dərhal sonra şüşə və ya emal qablara boşaldın”.

Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla açıqlamasında deyib: “Plastik qablar uzun müddət günəş şüaları altında qaldıqda “dioksin” adlı toksiki maddə suyu zəhərləyir. Plastik qablardan təkrar istifadə ümumiyyətlə, doğru deyil. Təəssüflər olsun ki, plastik qablardan təkrar istifadə edənlər az deyil. Standartlara cavab verməyən qablardakı sudan istifadə qaraciyər, ürək çatışmazlığı, ishal, xərçəng, diabet kimi xəstəliklərə səbəb olur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR