Əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanların tərkibi ilə bağlı müxtəlif fikirlər səslənir.

Metbuat.az xəbər verir ki, həmin preparatların tərkibində narkotik maddənin olduğu haqda söz-söhbət gəzsə də, həkimlər bunu təkzib edir.

“Antidepressantların heç bir narkotik təsiri yoxdur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında klinik psixoloq, həkim psixiatr Orxan Fərəcli deyib.

“Antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəliklərin müalicəsində ilkin seçim preparatlarıdır. Antidepressantların tərkibində narkotik maddə yoxdur. Onlar sağlam adamlara qətiyyən təsir etmir. Narkotik vasitələri əhval-ruhiyyənin qalxması məqsədilə qəbul edirlər. Antidepressantlar sağlam adamlara qətiyyən təsir etmir. Həmin dərmanların təsir mexanizmi tam aydın olmasa da, bunu izah edən əsas nəzəriyyə beyindəki “xoşbəxtlik hormonu” dediyimiz serotonin və noradrenalin maddəsinin miqdarının artmasına əsaslanır. Serotonin və noradrenalin beyində sinirlər arasında əlaqəni təmin edən maddələrdir. Antidepressant dərmanlar insanda süni bir xoşbəxtlik yaratmır. Tam tərsinə, beyində pozulmuş müvazinəti yenidən bərpa edir.

Antidepressant dərmanlar asılılıq yaratmır

Çox vaxt deyirlər ki, antidepressantların qəbulunu dayandıranda asılılıq yaradır. Adətən pasientlər onu qəfildən kəsirlər deyə, başgicəllənmə, ürəkbulanma olur. Ona görə də deyirlər ki, asılılıq var. Amma halbuki, yavaş-yavaş azaldıb qəbulu dayandıranda qətiyyən belə bir problem olmur. Dərman o halda təyin edilir ki, əhvalsızılıq hissi, depressiv əlamətlər 2 həftədən çox davam edir, intihar barədə fikirlər pasiyenti narahat edir. Antidepressantlarla müalicə qəbul edən xəstələrin 3 aylıq müalicəsinin sonunda 50-60 % ciddi mənada yaxşılaşma qeyd olunur”.

Aytən Novruzova / Metbuat.az