İŞİD-in məhvinə qədər son 300 metr: məşhur məscid partladıldı - VİDEO - FOTO

İŞİD-in məhvinə qədər son 300 metr: məşhur məscid partladıldı - VİDEO - FOTO
10:12 22 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Onların əməli əsl vəhşilik, barbarlıq, kafirlikdir. Yalnız kafirlər məscidlərlə belə davranardılar. Beləcə, onlar əsl simalarını göstərdilər.

İraqın baş naziri Heydər əl Abadi Mosul şəhərində Ən Nuri məscidinin və əl Hədba minarəsinin partladılması ilə bağlı bəyanatında belə deyib.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın Mosul şəhərinin qərbindəki Ən Nuri cümə məscidini və Əl Hədba minarəsini partladıb.

"Köhnə şəhər"də yerləşən, 800 il əvvəl inşa olunan Ən Nuri dünyanın ən məşhur məscidlərindən biri idi.

İŞİD lideri Əbu Bəkr əl Bağdadi də "İslam Dövləti"nin yaradılması barədə bəyanatını 2014-cü ildə bu məsciddə vermişdi.

2014-cü ildə İŞİD-in ələ keçirdiyi Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı çərçivəsində İraq ordusunun hərbçiləri şəhərin qərb və şimal məhəllələrini tamam azad ediblər. İraqlı hərbçilər indi Ən Nuri məscidindən cəmi 300 metr aralıdadır.

İŞİD isə məscidin ABŞ-ın başçılıq etdiyi koalisiya qoşunları tərəfindən partladıldığını açıqlayıb.

Ən Nuri məscidinin qalıqlarının terrorçulardan azad edilməsi İŞİD üzərində qələbənin simvoluna çevrilə bilər.

İraqlı hərbçilər, kürd "Peşmərgə"lər və şiə könüllülərin dəstələrindən ibarət qruplaşma artıq Ən Nuri məscidinin yaxınlığındakı Əl Faruq küçəsindədir.

Həmin ərazinin bu gün axşamadək azad ediləcəyi təxminlənir.

Dünən İŞİD terrorçuları şəhərdən qaçmağa çalışan 150 dinc sakini tutaraq edam ediblər.

Hazırda şəhərdə 300 İŞİD terrorçusunun olduğu vurğulanır. Halbuki, ötən ilin oktyabrın 17-də  Mosulun azad edilməsi ilə bağlı antiterror əməliyyatı başlayanda şəhərdə 6 min İŞİD mənsubu vardı.

Mayın sonlarında isə Mosulun mərkəzi olan "Köhnə şəhər" və bu məkandakı üç məhəllənin azad edilməsi uğrunda əməliyyat başlanmışdı.

Mosulun inzibati mərkəz olduğu Naynava vilayətində qadınlara çarşabda dolaşmaq yasaqlanıb. İraqlı hərbçilərin dediklərinə görə, bu yasaq İŞİD terrorçularının çarşaba bürünərək özlərini qadın kimi qələmə vermələri və partlayışlar törətmələridir.

Bundan başqa, saat 18.00-dan sonra yerli sakinlərə motosiklet sürmək yasaqlanıb. Elektronika əşyaları satan bütün dükanların sahiblərinə isə tapşırılıb ki, mobil telefon və sim-kart alıcıları barədə məlumatları hakimiyyət dairələrinə təqdim etsinlər.

Hazırda İŞİD antiterror koalisiyasının hava kəşfiyyatının işini çətinləşdirmək üçün küçələrə böyük parçalar səriblər.

Mosulun azad edilməsi əməliyyatı başlayandan bəri şəhəri təqribən 850 min dinc sakin tərk edib.

İraqla yanaşı, Suriyada da İŞİD-də ağır zərbələr endirilir. Terror qruplaşmasının faktiki paytaxtı sayılan Rəqqa şəhərinin İŞİD-dən azad edilməsi məqsədilə əməliyyat sürətləndirilib.

Bu səbəbdən İŞİD paytaxtını Rəqqadan İraq sərhədinə yaxın əl Məyadin şəhərinə köçürüb. Qruplaşmanın bütün əsas komandirləri indi əl Məyadindədir.

Əl Məyadin Suriyada hələlik bütünlüklə İŞİD-in nəzarətində olan Deyr əz Zor vilayətindədir.

Suriya qoşunları bu vilayətin ərazisində yalnız Fərat çayının sahilində, Deyr əz Zorun mərkəzində olan kiçik anklava nəzarət edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD-in məhvinə qədər son 300 metr:məşhur məscid partlatdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR