Milyarderlər axirət gününə hazırlaşır: Onlar nəsə bilir?

Milyarderlər axirət gününə hazırlaşır: Onlar nəsə bilir?
21:27 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Axirətdən sağ çıxmaq mümkündürmü? Hər halda buna ümid edənlər var.

Söhbət milyarderlərdən gedir, ABŞ-ın California ştatındakı məşhur Silikon vadisinin sakinlərindən. .

Onlar bütün ciddiliklə Axirət gününə hazırlaşırlar. Bəziləri dəmdəsgahlı, hovuzu, idman və kino zalları olan, nüvə zərbəsindən də qoruya biləcək bomba sığınacaqları alırlar.

Milli.Az BBC-yə istinadən bildirir ki, şayiələrə görə, misal üçün, Bill Gates-in California və Washington ştatında belə bir bunkerləri var.

Mayfield Fund şirkətinin başçısı Tim Chang bu yaxınlarda New Yorker jurnalına bildirib ki, gözlənilməz hadisə baş verəcəyi halda sığınmağa bir yer tapmaq üçün daşınmaz əmlak almaqdadır.

Tikinti

Reddit şirkətinin təsisçisi və başçısı Steve Huffman lazer göz korreksiyası əməliyyatından keçməyə hazırlaşır.

"Axirət günündən sonra göz linzaları əldə etmək problemə çevriləcək", - o deyir.

Görəsən, nə baş verir?

Facebook-un keçmiş əməkdaşı Antonio Garcia-Martinez bu yaxınlarda Washington ştatındakı Orcas adasına köçüb.

Keçən il Martinez bu adada 2 hektara yaxın torpaq sahəsi aldıqdan sonra orada bomba sığnağı tikib, Günəş batareyaları quraşdırıb və ömürlük bəs edəcək miqdarda patron ehtiyatı alıb.

"Nasosla işləyən artezian quyusu da qazdırmışam",- o deyir.

Orcas adası

Martinez deyir ki, Silikon vadisində çalışanlar gələcəyi digərlərindən daha yaxşı görə bilirlər.

"Bu adamlar, demək olar ki, artıq gələcəkdə yaşayırlar, - o deyir. - Təkcə texnoloji cəhətdən yox, o cümlədən, iqtisadi və sosial baxımdan da".

Və həmin gələcək heç də ürəkaçan deyil.

Martinez hesab edir ki, robotların tətbiqi və süni intellekt ABŞ-da 20-30 ildən sonra iş yerlərinin yarıyadək ixtisarına gətirib çıxaracaq.

Sənayedə iş yerlərinin sürətlə bağlanması isə sosial partlayış törədə bilər. Böyük var-dövlət sahibləri isə proqnozlaşdırılan həmin dövrdən sağ çıxmaq üçün hazırlığa artıq indidən başlayıblar.

Bir çox hallarda belə bir hazırlıq dəmdəsgahlı bunker tikintisindən başlayır.

ABŞ-ın Survival Condo şirkəti nüvə müharibəsi şəraitində yaşayıb sağ çıxmaq üçün nəzərdə tutulmuş sığınaq blokları tikir.

Şirkətin təsisçisi Larry Hall deyir ki, belə blokda sığınaq funksiyasına malik mənzilin qiyməti 4 milyon dollaradək ola bilər. Həmin mənzillərin hovuzu, kitabxanası və bilyard zalı var.

Bomba sığnağının reklamı

Hall bu layihə üzərində düşünməyə 2001-ci il 11 sentyabr hadisələrindən dərhal sonra başlayıb. O dövrdə bunkerlərə tələbat kəskin sürətdə artmışdı.

"Hər dəfə, təbii fəlakət və ya münaqişə baş verəndən sonra, bu cür qurğulara tələbat artır", - Hall deyir.

Amma o, müştərilərinin adını açıqlamaqdan imtina edir.

Texas ştatında hazırda Trident Lakes adlı yeraltı qəsəbə tikilməkdədir.

Qəsəbə ən yüksək səviyyəli (Defсon-1) nüvə müharibəsinə hazır olan kurort kimi reklam olunmaqdadır.

Qəsəbədə qolf və polo meydançaları, idman mərkəzi, vertolyotların qalxıb enməsi üçün ayrılan yerlər nəzərdə tutulub.

Britaniyada 1979-cu ildən başlayaraq varlı və yoxsul təbəqələr arasında fərq sürətlə artır. Əhalinin ən varlı 1 faizinin var-dövləti ən yoxsul 20 faizinin varidatından 20 dəfə artıqdır.

ABŞ-da isə varlılarla yoxsullar arasında bərabərsizlik daha böyükdür. Rəsmi statistikaya əsasən, 1980-ci ildə əhalinin ən varlı 1 faizinin qazancı ən yoxsul 50%-in qazancından orta hesabla 27 dəfə artıq olub, hazırda isə bu əmsal 81-dən yuxarıdır.

Antonio Garcia-Martinez qeyd edir ki, bütün bunlarla yanaşı cəmiyyətdə siyasi qütbləşmə də güclənməkdədir. "Sosial şəbəkələr isə hamıya söz və ifadə azadlığı verib, - Martinez qeyd edir. - Belə halın axırı yaxşı olmayacaq" .

Onun fikrincə, vətəndaş müharibəsi, üsyan və digər xoşagəlməz hadisələrin ehtimalı artmaqdadır.

İğtişaşlar

Sadalanan risk amillərinin əksəriyyəti - robotlaşdırılma, süni intellekt, sosial şəbəkələr - məhz Silikon vadisində yaradılıb.

Yaradıcıların özləri isə, belə görünür ki, icad etdikləri ixtiraların nəticələrindən yaxa qurtarmaq üçün aradan çıxmağa hazırlaşırlar.

"Bu yaramazlar iqtisadiyatın bir sıra sahələrini çökdürüb, demokratik siyasi prosesləri pozublar, hamının başını sosial şəbəkələrlə qatıblar, özləri isə indi, partlayışdan yaxa qurtarmaq üçün, aradan çıxmaq barədə düşünürlər", - Antonio Garcia-Martinez deyir.

Martinez hesab edir ki, yaxınlaşmaqda olan fəlakətdən sağ çaxmaq istəyənlər, buna indidən hazırlaşmalıdırlar - talançılardan xilas olmaq üçün silahlı özünümüdafiə dəstələri yaradılmalıdır.

"Hərc-mərclik başlasa belə bir dəstələri yaratmaq lazım gələcək", - o deyir.

Axirət, güman edildiyindən daha tez baş verə bilər. Axirətdən sağ çıxmaq istəyənlər isə bəzi bacarıqlara malik olmalıdırlar

Misal üçün onlar hərbi hazırlıq kursları keçməlidirlər.

Və əlbəttə ki, bank hesabında heç olmasa 1-2 milyard pul, sahibini dərdə salmaz. Nə böyük işdir ki, 1-2 milyard?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR