Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (130-cu say) təqdim edir.

Ramazan bayramı münasibətilə bütün oxucularımı, xüsusən də inanclı olanları təbrik edirəm. Allah bütün xoş niyyətlə etdiyiniz duaları qəbul etsin.
Yay olsa da türkiyəli sənətçilərin Bakıya axını davam etməkdədir. Bu dəfə Tarkan şəhərimizin qonağıdır. Məsələ bununla bitsəydi, nə var idi ki? Yenə bəzi qızlar yarıçılpaq vəziyyətdə mühafizəçilərlə dava-dalaş ediblər ki, biz Tarkanı mütləq görməliyik. Tarkan da uzaqdan bu söhbəti görüb. Qızlardan birinə deyib ki, sizi xatırlayıram, Burak Özcivitin də qarşısına bu görkəmdə çıxmışdınız. Mən isə dünya ulduzuyam. Burakla məni bir tutursunuzsa, sizinlə görüşməyim mümkün deyil. Deyirəm, olan-olmaz hörmətimizin yarısını Türkiyədəki evlilik verilişinə gedən "həmyerlilərimiz", yerdə qalanını da bura gələn xaricilərin qabağına yarıçılpaq çıxan bu gözəlçələr xərclədilər.
"Banu" verilişinin aparıcısı Günel Həsənzadə şəxsi həyatı ilə bağlı sözün əsl mənasında şok etiraflar edib. Ona görə deyirlər ki, insanı tanımadan içini, dərdini bilmək olmur. Günel deyib ki, atam anamla ailəli ola-ola evə ikinci qadın gətirdi, evləndilər və bir neçə qızları dünyaya gəldi. Ona görə də aparıcı heç kimə inanmır və ailə qurmaq istəmir. Yeri gəlmişkən, Həsənzadə sadə insanlar arasında əsl hörmətə malik 5-3 aparıcıdan biridir. Məsələn, onun apardığı verilişin oxşarlarına da baxmışam. Milli geyimdə də, şortikdə də camaatın qarşısına çıxan olub. Amma tamaşaçı heç birinə bu qədər dərin rəğbət bəsləməyib. Səbəbi bilirsiniz nədir? Səmimiyyət.
Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağırdır. Hətta bu cümlələri yazdığım anlarda onun ömrünə saatlar qaldığı deyilir. İnanmaq istərdim ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbər şəxsləri ömrünün 50 ilini sənətə həsr etmiş bu xanımla maraqlanacaqlar. Ölüm hər kəs üçün var. Sabah kimin başına nə iş gələcəyini də bilmirik. Ancaq belə günlərdə onun ailəsinin yanında olmaq bir nazirliyin borcudur. Çünki Qəndab xanım Azərbaycan mədəniyyətinə o nazirlikdəkilərin hər birindən daha çox xidmət edib.
Səmra Rəhimlinin anası deyib ki, qızımın sponsoru özüməm. Çox cəsarətli açıqlamadır. Qulpqoyan dayı da yazının bu dramatik yerində gəlib dirənib ki, soruş gör bəs onun özünün sponsoru kimdir? Heç hənanın yeridir?
Xalq artisti Səməd Səmədov qadınlara əsl nümunədir. Bəli, məhz qadınlara. Ayda bir dəfə manikürə və pedikürə gedirmiş. Bu hələ dedikləridir. İndicə əldə etdiyim məlumata görə, sənətçi 15 gündən bir saçıkürə, 10 gündən bir başarəngqoymaqkürə, həftədə bir dəfə botokskürə, ondan sonra üç aydan bir silikonkürə də müraciət edir. Uzun sözün qısası, Səməd müəllim ilin on iki ayı "kürləyir", xəbərimiz yox.
Nigar Camalla yol polisləri arasındakı dava-dalaşa son qoyulub. Sənətçi ilə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi görüşüblər, əməkdaşlıq haqda razılıq əldə edilib, söhbət də bağlanıb. Həmkarlarımdan biri məsələyə özünəməxsus münasibət bildirib: "Daha bu boyda səs-küy nəyə lazım idi. Deyərdiz ki, rəis səni çağırır da".
Milli.Az