Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın vecernji.hr saytına geniş müsahibə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünya futbol tarixi ilə bağlı sualları cavablandıran 48 yaşlı mütəxəssis "Bursaspor"dan gələn təklifi qəbul etməməyinin səbəbini də açıqlayıb.

- Məşqçi, yoxsa futbolçu?

- Mən futbolçu olmağı seçərdim. Çünki gənc olursan, istədiyini edirsən. Ancaq məşqçi daim təzyiq altında qalır, bütün komandanın məsuliyyətini daşıyır.

- Ən çox sevindiyiniz qələbə...

- 1998-ci ildəki dünya çempionatının 1/4 final mərhələsində Almaniya üzərində qazandığımız qələbə (3:0). Baxmayaraq ki, həmin görüşdə mən iştirak etməmişdim. 3-cü yer uğrunda matçda da Hollandiyaya qalib gəlib, bürünc medal qazanmışdıq.

- Ən gözəl qolunuz...

- Belə bir qol seçə bilmirəm. Bəlkə "Partizan"a vurduğum qolu fərqləndirmək olar.

- Oynadığınız ən yaxşı komanda...

- Xorvatiya yığması və Çempionlar Kubokunun qalibi olduğum "Srvena Zvezda".

- Gördüyünüz ən güclü komanda...

- Pep Qvardiolanın "Barselona"sı.

- Futbol tarixinin ən yaxşı oyunçusu...

- Lionel Messi. O, hamımızdan güclüdü.

- Futbol tarixinin ən yaxşı məşqçisi...

- Yohan Kroyff.

- Kumiriniz...

- Mişel Platini.

- Xorvatiya futbol tarixinin ən güclü oyunçuları...

- Davor Şuker və Luka Modriç.

- "Real"a hansı qiyməti verərdiniz?

- Dünyanın ən güclü klubudu. Bu böyük ailənin bir üzvü olduğum üçün çox sevinirəm. Gənc yaşda gedib əsas heyətində oynamaq başqa bir qürurdu.

- Bəs "Barselona"?

- Bir klubdan daha çox məna verir. Yalnız orda oynadığınız zaman necə olduğunu başa düşərsiniz.

- Ən ehtiraslı futbol atmosferi...

- Belqrad derbisi. Bütün gün oyun ətrafında cəmləşir.

- Rusiyadakı dünya çempionatında iştirak edəcəyik?

- Çətin olacaq. Ancaq mən yenə də uğura inanıram. Keyfiyyət mübahisəolunmazdı. Lakin ehtiyatlı olmaq lazımdı.

- İki dəfə "Vecernji List"in sorğusunda ilin ən yaxşı futbolçusu seçilmisiniz. Hansı daha şirindi?

- İlki daha yaxşıdı. Həm də gənc idim. Bu mükafatı almış futbolçuların adları çox təsirlidi.

- Zvonimir Boban...

- O, hər zaman bir nömrə olub. Əsl şəxsiyyət və xarizmadı. Boban Xorvatiyaya qayıtmayacaq. Ancaq dünya futbolu üçün çox iş görə bilər.

- Davor Şuker...

- Möcüzəvi futbolçu.

- "Bursaspor"a getmək əvəzinə niyə Azərbaycan yığmasında qaldınız?

- Qorxaq kimi qaçmaq istəmədim. Düşünürəm ki, müəyyən sıçrayışa nail olmuşuq və işimi də vicdanla görürəm. Dekabra qədər işimin başındayam.

- Futbolda texnologiyaya necə baxırsınız?

- Mən buna qarşı deyiləm. Ancaq hər kiçik epizoda görə oyunu dayandırmaq futbolu boğar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində