Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyatlara hazırlaşır.

Metbuat.az xəbər verir ki,Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin nəzarətindəki Afrinə hücuma hazırlaşır.

“Suriyanın şimalında əməliyyatların artırılmasının xüsusi səbəbləri var”. Bu sözləri Metbuat.az-a siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

““Fərat qalxanı” əməliyyatına start verərkən Türkiyə bəlli hədəflər qoymuşdu qarşısına. O hədəflərin də ən başlıcası Türkiyənin Suriya ilə sərhəd bölgələrində müəyyən təhlükəsizlik hiperzonasının yaradılması və eyni zamanda Suriyanın şimalından Türkiyəyə olan terror təhlükəsinin qarşısını almaq idi. Mərhələli şəkildə həyata keçirilən “Fərat qalxanı” əməliyyatı zamanı müəyyən mənada buna nail olundu. Hədəflərə təbii ki, tam şəkildə çatılmayıb. Hesab edirəm ki, son zamanlar Türkiyənin Suriyanın şimalında aktivləşməsinin əsas səbəbi həm də İŞİD-ə qarşı aparılan mübarizədə daha fəal iştirakını göstərmək, həm də kürd qruplaşmalarına müəyyən dərəcədə zərbələr endirmək və bununla da sərhəd bölgələrində təhlükəsizliyi təmin etməkdir. Bildiyimiz kimi, hazırda ərəb dövlətlərinin daxilində böhran yaşanır, Suriyanın özündə də müəyyən proseslər gedir. Son vaxtlar ABŞ-Rusiya münasibətləri də son dərəcə kəskinləşib. İsrailin də Suriya məsələsində daha aktiv şəkildə iştirakı müşahidə olunur. Türkiyənin aktivliyi bütün bu hadisələrin fonunda baş verir. Türkiyə əməliyyatlarda daha aktiv şəkildə iştirak etməklə bölgədə marağı olan və Türkiyənin iştirakı, razılığı olmadan hər hansı qərarların qəbul edilməsinin mümkünsüzlüyünü nümayiş etdirir”.

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatları genişləndirməsinin beynəlxalq münasibətlərə təsiri hansı səpkidə ola bilər?

"Düşünmürəm ki, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatları artırması ciddi bir fəsada yol açsın. Suriya məsələsi ilə bağlı Türkiyə-ABŞ, Türkiyə- Rusiya, Türkiyə-İran, Türkiyə-ərəb ölkələri münasibətləri o qədər konkret bir məcraya gəlib çıxıb ki, aktivliyin artırılmasının müsbətə, ya da mənfiyə doğru təsiri gözlənilmir. Bölgədə marağı olan dövlətlər isə Türkiyənin aktivliyinin artmasında maraqlı deyil. Nə ərəb ölkələri, nə Rusiya, nə ABŞ, nə də Suriya höküməti Türkiyənin aktivlik nümayiş etdirməsində maraqlı deyil. Burda kürd amili, maraqların toqquşması məsələsi də var. Aktivlik beynəlxalq münasibətlərə prinsipial baxımdan təsir etməyəcək”.

Suriya müharibəsi sona çatır - Qalib kimdir?- Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az