Abşeron rayonunun "Masazır dairəsi" adlanan ərazisində quraşdırılan saniyəli işıqforlar bir neçə gündür "00"-ı göstərir.

Buna səbəb yeni quraşdırılan işıqforların işləməməsidir. Əraziyə bələd olan sürücülər buna məhəl qoymadan yolunu davam edir. Tanış olmayan sürücülər isə "00" saniyəni gözləməli olur. Bu da nəqliyyatın idarə olunmasında problemlər yaradır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücülər əvvəl həmin yeri necə keçirdilərsə, indi də elə keçirlər:

“Sözügedən ərazidə işıqforlar 15 gün əvvəl quraşdırılıb və bir dəfə işə salınıb. Sadəcə olaraq, bizim sürücülərin belə hallarda qaydaları pozması səbəbilə, işıqfor işləmədi. Bəlkə də, nə vaxtsa işlədə bildilər. İşıqforun belə olması qəza şəriti yaratmır”.

Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, sözügedən əraziyə işıqforun qoyulması keçmə növbəliyinin təmin olunması və sıxlığın aradan qaldırılması məqsədi daşıyır:

“Həmin ərazidə pik saatlarda süni sıxlıq yaranır, yol-nəqliyyat hadisələri baş verirdi. Təhlükəsizliyin təmin edilməsi vacib şərtlər hesab olunduğundan, həmin ərazinin işıqforla tənzimlənməsi zərurəti yarandı. İşıqforun tədbiq edilməsi ilə bağlı işə başlanıldı. Qısa müddətdə həmin ərazidə keçmə növbəliyi işıqforla tənzimlənəcək”.

Piyada keçidindən asta keçən piyadalar - CƏRİMƏLƏNƏCƏK? – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ