“Günümüzün ustad aşıqları”

Bu gün saat 15:00-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyi birgə tədbir keçirəcək.

Metbuat.az xəbər verir ki, tədbir Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seriyasindan nəşr olunmuş 9 kitabın təqdimatına həsr olunub. Bədii-yaradıcılıq xarakterli tədbirdə eyni zamanda tanınmış aşıqların çıxışı da nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, 2016-cı ilin sonlarında Aşıqlar Birliyi bu layihəyə start verib. “Günümüzün ustad aşıqları” adlanan bu layihə çərçivəsində dövrümüzün ustad aşıqlarından Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət işçiləri - İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Respublikamızda və onun hüdudlarından kənarlarda kifayət qədər tanınan bu ustadlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir.

Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş bu kitablar yüksək poliqrafik tərtibatıyla yanaşı, həm də hər bir ustada fərdi qaydada yanaşmaqla özünəməxsus bir üslubda hazırlanması ilə diqqəti çəkir. Hər bir ustadın ayrılıqda həyat və sənət yolundan bəhs edən kitablarda eyni zamanda, onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılığıdan seçmə nümunələrin yer alması, bu ustadların həyatlarının müxtəlif məqamlarını əks etdirən qiymətli fotoşəkillərin verilməsi təqdirəlayiq haldır. Bu mənada, hər kitab bir ustad haqqında bir növ ensilopedik məlumat toplusu xarakteri daşıyır.

Kitabların məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə AAB-ın katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR