Səhiyyə naziri Oqtay Şirəliyev “Krım-Konqo hemorragik
qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi
barədə” əmr imzalayıb.
Publika.az xəbər verir ki, əmrdə son zamanlar
respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik
qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşdiyi
bildirilib.
Bununla əlaqədar Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin
rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin
direktorlarına tapşırılıb ki, Krım-Konqo hemorragik qızdırma
xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılsın, şübhəli
xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumat Respublika
Taun Əleyhinə Stansiyasına verilsin, şübhəli xəstələrdən götürülmüş
nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması
vurğulanıb.
Əmrə əsasən, tbb müəssisələrində əksepidemik və dezinfeksiya
tədbirləri üzərində nəzarət gücləndirilməsi tapşırılıb.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisinə Kliniki Tibbi Mərkəzin
yoluxucu şöbəsində və 1 nömrəli Uşaq yoluxucu xəstəliklər
xəstəxanasında Krım-Konqo hemorragik qızdırma xəstəliyinə şübhəli
xəstələrin hospitallaşdırılmasını təmin etmək tapşırılıb.
Əmrdə qeyd olunub ki, Respublika Sanitariya – Karantin Müfəttişliyi
sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə
əlaqə yaradaraq Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış
ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin
edilməsi üçün tədbirlər görsün.Eyni zamanda, İnnovasiya və Təchizat
Mərkəzi tərəfindən Krım-Konqo hemorragik qızdırma xəstəliyinin
laborator diaqnostikası, profilaktikası və müalicəsi üçün tələb
olunan preparatların ehtiyatı yaradılmalıdır.
Qeyd edək ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması əsasən gənə dişləməsi və yoluxmuş heyvanların qanı və digər bioloji mayeləri ilə sıx təmas nəticəsində baş verir.