Milyonları güldürən, qalmaqallı adam - FOTO

Milyonları güldürən, qalmaqallı adam - FOTO
19:05 8 Yanvar 2015
658 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Mister Bin” adı, yəqin ki, hər kəsə tanışdır. Bu gün, mimika və jestlərlə milyonları güldürməyi bacaran bu cənabın doğum günüdür. Kult.az “Mister Bin” haqda yazını təqdim edir.
 
“Mister Bin” kimi tanıdığımız dünya şöhrətli aktyorun əsl adı Rouendir. Rouen Atkinson müasir dünya kinematoqrafiyasının əfsanələrindən birinə çevrilib. Onun özünəməxsus yumoru dünyanın müxtəlif ölkələrindən özünə çoxsaylı pərəstişkar tapmağa nail olub.
 
Bəs biz onu kifayət qədər tanıyırıqmı? Rouen Atkinsonun karyerası hansı mərhələlərdən keçib? O, bu cür məşhurluğa necə nail olub? Bütün bu suallara bu gün cavab axtaracağıq. 
 
Rouenin uşaqlığı və ailəsi
 
Rouen Sebastiyan Atkinson 6 yanvar 1955-ci ildə İngiltərənin Dürhem qraflığına aid, o qədər də böyük olmayan Konsett şəhərində dünyaya göz açıb. Fermer Erik Atkinsonun üç övladından ən kiçiyi olan Rouenin anası Ella Beynbric evdar qadın olub.
 
Qeyd edək ki, Rouen bu ailənin məşhurluq əldə edən tək övladı deyil. Onun qardaşı Rodni İngiltərənin məşhur siyasətçisi və iqtisadi ekspertidir. Uşaqlıq dostlarının dediyinə görə, Rouen həmişə belə şən və gülərüz olmayıb. Uşaqlıqda o, qərarsız, özünə yer tapa bilməyən, hər şeydən narazı olan biri imiş. Rouen hər kəslə dalaşmağı, hamını danlamağı çox sevirmiş.
 
Milyonların kumirinə çevrilmiş aktyor orta təhsilini tamamladıqdan sonra elektromühəndislik üzrə təhsil almaq qərarına gəlir. O, ali təhsilini Nyukasl Universitetində alır. Bundan sonra isə o, həm də Oksford Universitetində öz təhsilini davam etdirir. 
 
Gördüyünüz kimi, aktyorun təhsili heç də hazırki fəaliyyətinə yaxın deyil. Məhz Oksford Universitetində təhsil alarkən Atkinson onu böyük səhnəyə aparacaq uğur yoluna ilk addımlarını atır.
 
O, ilk dəfə Oskford Universitetinin Dramaturgiya Cəmiyyətində öz aktyorluq istedadını nümayiş etdirməyə müvəffəq olur. Onun yumoristik səhnələri çoxlarının xoşuna gəlir. Bu kiçik səhnəciklərlə çoxlarının marağına səbəb olan gənc aktyor sonralar müxtəlif yumor festivallarına dəvət alır və əlbəttə ki, bu təkliflərin hamısını dəyərləndirir.
 
Sözügedən dövrdə aktyora ən böyük dəstəyi dostu Riçard Kertis verir. Onların dostluğu iş sahəsində daha da möhkəmlənir və Riçard, Atkinsonun filmlərinin rejissoru olaraq fəaliyyət göstərməyə başlayır. Bundan sonra tərəflərin əməkdaşlığı və dostluğu uzun illər davam edir. 
 
Şöhrətə aparan yol
 
“Mister Bin” adı ilə milyonların qəlbində taxt quran aktyora ilk dəfə böyük şöhrət gətirən çıxışı 1976-cı ilə təsadüf edir. Bu tarixdə “Mister Bin” Edinburq festivalında çıxış edir və yüzlərlə insanı güldürməyə müvəffəq olur.
 
Festivaldakı çıxışından bir neçə dəqiqə sonra jurnalistlər ona yaxınlaşır və çoxsaylı suallar ünvanlayırlar.
 
Sözügedən layihədən sonra Rouen ilk dəfə məşhurluğun nə olduğunu hiss edir. BBC kanalının prodüserləri onunla maraqlanır, müxtəlif qəzetlər Rouendən müsahibə alır.
 
Çox keçmir ki, BBC-nin prodüserləri “Mister Bin”lə əlaqə saxlayıb, ona öz şəxsi layihəsini yaratmasını təklif edirlər.
 
Təbii ki, gənc aktyor bu təklifi qəbul edir. Layihədə yer alan bütün səhnəciklərin müəllifi Rouen Atkinson özü və dostu Riçard Kertis olur.
 
Bir müddət sonra “Atkinsonun adamları” adı alan layihədə aktyorun başqa bir dostu –Anqus Deyton da yer alır. Anqus Deytonla “Mister Bin” dünyanın müxtəlif ölkələrini birgə gəzir, qastrollarda çıxış edirlər. 
 
“Atkinsonun adamları” layihəsi aktyora kifayət qədər uğur və şöhrət gətirir.
 
Tezliklə Rouen, Riçard və Anqus birlikdə digər layihələr üzərində də çalışmağa başlayırlar. Bu layihələrdən birincisi isə “Qalay gülüş” layihəsi olur. Sözügedən veriliş İTV kanalında yayımlanır.
 
“Not the Nine O'Clock News” ( “Saat doqquz xəbərləri yox” )verilişindən sonra isə Rouen öz dostları ilə yollarını ayırır və tək işləmək qərarına gəlir.
 
O, sözügedən verilişdə həm aktyor kimi, həm də ssenarist kimi fəaliyyət göstərir.
 
1983-cü ildə istedadlı aktyor ilk dəfə bir filmdə rol alır: “Heç vaxt heç vaxt demə” filmi “Ceyms Bond” seriyalarının qeyri-rəsmi davamı idi.
 
Sözügedən filmdə “Mister Bin”in partnyoru olaraq Şon Kenneri yer alır. Film çəkilişlərindən sonra şotland aktyor “Mister Bin”in pərəstişkarına çevrildiyini bildirir. 
 
Qeyd etmək lazımdır ki, 1983-cü il ingilis aktyorunun həyatında mühüm əhəmiyyətə malikdir. Bu periodda o, öz şəxsi kinokomediyasına çəkilir. Həmçinin bu ildə o, kult layihəsi hesab olunan “Qara gürzə”yə start verir. Sözügedən layihə televiziyada yayımlandığı vaxtdan qısa müddət sonra çox böyük uğura imza atır.
 
Öz adını daşıyan teleserialı yaradarkən “Mister Bin” yenidən öz köhnə dostu Riçard Kertislə birgə işləməyə başlayır. Riçard çəkilən hər seriyanın ssenari müəllifi olur. Teleserial o qədər uğur və şöhrət qazanır ki, layihənin müddəti altı ilə qədər uzadılır. Hətta komediya janrında ekranlaşdırılan bu teleserial “Britaniyanın ən yaxşı 100 teleproqramı” mükafatlandırılma mərasimində on altıncı yerdə qərarlaşır.
 
Bir sözlə, sözügedən teleserial böyük bir fırtına qoparır və Roueni bütün dünyada tanınan bir ulduza çevirir. Bu səbəbdən sözügedən teleserialdan sonra Rouenin aldığı bütün film təkliflərində ona baş rollar təklif olunur. Belə filmlərə “İfritələr”, “Yekəpər” və digərlərini nümunə göstərmək olar.
 
Aktyorun daha böyük uğurlar qazandığı layihələri isə bir-birinin ardıyca 90-cı illərdə başlayır.
 
1990-cı illərin əvvəllərində “Mister Bin” komediyası ekranlaşdırılır. Sözügedən komediya on dörd seriyadan ibarət olur.
 
Qeyd edək ki, hazırda bu komediya İngiltərənin komediya kultu hesab olunur.
 
1997-ci ildə “PolyGram Filmed” kompaniyası “Mister Bin”in macəraları ilə bağlı yeni bir film çəkir. Və film yüksək məbləğdə gəlir əldə edir.
 
Doqquz il sonra – 2007-ci ildə Rouen bütün dünyanı güldürməyə müvəffəq olur. Onun yeni filmi – “Mister Bin istirahətdə” filmi izləyicilərə təqdim olunur.
 
Aktyor təkcə bu filmlə kifayətlənmir. Müxtəlif filmlərdə yaratdığı özünəməxsus rolları ilə izləyiciləri güldürməyə davam edir. Bu filmlərə “Hər şey mümkündür”, “İsti başlar – 2”, “Dörd toy və bir dəfn” kimi filmləri misal göstərmək olar. Sadaladığımız bu filmlər Britaniya kinematoqrafiyasında bir ilkə imza atıb. Bu filmlər Britaniya kinematoqrafiyasında ən çox qazanc əldə edən filmlər siyahısında liderlik edir. 
 
Aktyorun son illərdəki fəaliyyətindən danışarkən onun “agent Conni İnqliş” obrazından da söz açmaq lazımdır. Sözügedən obraz məşhur “Ceyms Bond”un parodiyasıdır.
 
2011-ci ildə izləyicilərə təqdim olunan “Conni İnqliş” aktyorun son filmlərindəndir.
 
2013-cü ildə Rouen Atkinson yalnız teatrlarda səhnələrə çıxıb. O, “Mister Bin” serialının çəkilişləri ilə bağlı hələ ki, məlumat verməyib.
  
Rouen Atkinsonun şəxsi həyatı
 
“Mister Bin”in vizajist kimi fəaliyyət göstərən Sunetra Sastri ilə evliliyindən Bendji və Lili adlı iki övladı var. Aktyor hal-hazırda Böyük Britaniyada yaşayır. Aktyorun şəxsi varidatının yüz milyon funt civarında olduğu deyilir.
 
İllərdir müxtəlif komediyalardan əldə etdiyi pulu hazırda aktyor avtomobil kolleksiyalarına xərcləməkdən böyük bir zövq aldığını deyir.
 
Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR