Tramp o qərarı imzaladı, Putinin cavabı isə...

ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini imzalayıb.

Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Fuad Çıraqov bunları deyib:

“O, nəinki özünün, hətta gələcək prezidentlərin də Rusiya ilə siyasətinə məhdudiyyəti qanuniləşdirdi. Tramp qanunu imzaladı və eyni zamanda onun anti-konstitusion müddəalarının olduğunu dedi. Adətən, anti-konstitusion müddəaların olduğu iddia edilən qanun imzalanmır. Tramp bunu edə bilmədi. Sistem qalib gəldi. Buna imza atmaq kimisə məcburən ərə vermək kimi bir şeydi. Rusiya baş naziri Medvedevin dediyi kimi, qanunverici hakimiyyət icraedici hakimiyyətin funksiyalarını ələ keçirdi”.

Ekspert əlavə etdi ki, ABŞ-da prezidentlərin xarici siyasət məsələlərində qanunverici hakimiyyətlə fikir ayrılıqları birinci dəfə deyil:

“Obama da İranla nüvə sazişinin imzalanması və münasibətlərin normallaşması üçün respublikaçı Konqreslə mübarizə apardı və qalib gəldi. 2015-ci il yanvarın 20-də Konqresin qarşısına çıxıb açıqca dedi ki, İran məsələsi ilə bağlı nə istəyirsiz qəbul edin, veto olacaq, imzalamayacam. Və ya Konqresin fikrini soruşmadan Kuba ilə diplomatik münasibətlərin bərpası haqqında qərar verdi. Və ya digər ABŞ prezidenti F.D. Ruzvelt ölkədə çox güclü izoliosionist əhval ruhiyyəyə və Konqresdə II Dünya müharibəsinə qoşulmağın böyük əleyhdarlarının böyük müqavimətini sındıra bilmişdi”.

Qeyd edək ki, bir müddət əvvəl Senatda və nümayəndələr palatasında səs çoxluğu ilə qəbul olunmuş qanun layihəsi Rusiya iqtisadiyyatına qarşı sektor sanksiyalarının genişləndirilməsini, xüsusən Avropa ərazisi də daxil olmaqla, RF-nin energetika layihələrinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Yeni qanuna əsasən, sanksiyalar altında olan bankların bazar maliyyələşməsinin maksimal müddəti 14 günədək, neft-qaz sektoru kompaniyalarının maliyyələşməsinin maksimal müddəti isə 30 günədək azaldılacaq. Bundan başqa, ABŞ Prezidenti Rusiyanın ixrac kəmərlərinin tikintisinə ildə 5 milyon dollardan çox və ya eyni vaxtda 1 milyon dollar investisiya qoymağa hazırlaşan, həmçinin xidmət təklif edən və informasiya dəstəyi verən kompaniyalara qarşı tədbirlər görə bilər.

Kremllə yanaşı, Avropa İttifaqı da sənədi sərt tənqid edib. Almaniyanın Xarici İşlər Nazirliyi Vaşinqtonun sanksiyalar vasitəsilə Amerika qazının Aİ-yə çatdırılması üçün yer boşaltdığını bildirib.

BAKI: Bu ərazilərdə böyük söküntü başladı - VİDEO - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR