Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.

Qeyd edək ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Metbuat.az-a verilən açıqlamada Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi məsələsinə aydınlıq gətirilib:

“Hələ ki, nazirlikdə alimin dəfni ilə bağlı hansısa məlumat yoxdur. Çünki bu bir yox, bir neçə qurumun səlahiyyətinə daxil olan məsələdir. Tezliklə rəsmi açıqlama veriləcək”.

Aytən Novruzova / Metbuat.az

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat etdi-Oxumaq üçün tıkla