ABŞ-ın dövlət katibi Reks Tillerson Şimali Koreyanın yeni raket sınağı keçirməsi ilə bağlı açıqlama verib.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Tillerson bildirib ki, bu təxribatlar yalnız Şimali Koreyanın təklənməsinə səbəb olur: “Şimali Koreyanın raket sınaqlarını artırması ABŞ-ın müttəfiqi olan Yaponiya xalqına qarşı son həftələrdə edilən ikinci təhdiddir”.
Tillerson bütün ölkələri Şimali Koreya rejiminə qarşı yeni addımlar atmağa çağırıb: “Çin, Şimali Koreyanın neft ehtiyacının böyük bir hissəsini qarşılayır. Rusiya isə Şimali Koreyanın zəruri iş ehtiyacını ən çox qarşılayan ölkədir. Bu səbəbdən Rusiya və Çin Şimali Koreyanın növbəti təxribatı ilə bağlı addım atmalıdırlar”.
Tillerson qeyd edib, bu cür təxribatlar təkcə Şimali Koreyanın diplomatik və iqtisadi cəhəddən təcrid olunmağına, təklənməsinə səbəb olur.
Qeyd edək ki, bu gün səhər saat 06:57-də Şimali Koreyanın atdığı raket Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Sakit Okeana düşüb. Raket 770 km yüksəklidə 3700 km məsafə qət edib.
Günay Elşadqızı \ METBUAT.AZ