124 il əvvəlin məhz bu günündə dünyada ilk dəfə qadınlara seçki hüququ verilib.
Metbuat.az-ın məlumatına görə, 19 sentyabr 1893-cü ildə Yeni Zelandiya qadınlara seçki hüququ verən ilk dövlət olub. Həmin dövrdə Yeni Zelandiyada mühafizəkar düşüncələri qəti surətdə rədd edən liberalizm böyük qüvvə hesab olunurdu. O dövrdə sosial islahatların dəstəklənməsi və əzmkarlıq Yeni Zelandiyanın seçki hüququ təşəbbüskarlarına istəklərini reallaşdırmağa şərait yaradıb. Əhalinin yetkinlik yaşına çatmış qadınlarının təxminən 1\4-nin imzaladığı ərizə Yeni Zelandiya və digər qərb ölkələrində bu yönümdə ən böyük həcmli sənəd sayılırdı. Yeni Zelandiyadakı bu hadisə daha sonra bütün dünyaya səs salıb.
Norveç, Finlandiya və İslandiya qadınlara ilk dəfə seçki hüququ verən Avropa dövlətləridir. İnanmaq çətin olsa da, Fransa Avropada qadınlara seçki hüququ verən son ölkələrdən biri olub. ABŞ-da isə qadınlar 1848-ci ildən bəri səsvermə hüququ tələb etsələr də, bu istəklərinə 1920-ci ildə çatıblar. Böyük Britaniyada I Dünya Müharibəsi ərəfəsində qadınların əhəmiyyətli rolu dövlətə imkan verib ki, bu məsələ gündəmə gətirilsin. Afrikanın müstəqilliklərini yenicə qazanmış ölkələrində qadınlar süçki hüququnu 1960-cı illərdə əldə edib.
Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə isə məhz Azərbaycandır. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilib.
Günay Elşadqızı \ METBUAT.AZ