İspaniyanın şərqindəki Kataloniya Muxtar Vilayətində bu gün ümumi tətil keçirilib.
Metbuat.az-ın məlumatına görə, bəzi həmkarlar ittifaqı və qeyri-hökumət təşkilatlarının çağırışı ilə “İspaniya hökumətinin təzyiqinə və polis müdaxiləsinə” qarşı ümumi tətilə başlanılıb.
Müstəqillik referendumundan iki gün sonra keçirilən tətil yerli vaxtla saat 06:30-da başlayıb. Kataloniya Muxtar Vilayətinin hökuməti tərəfindən dəstəklənən tətil nəqliyyat, təhsil, səhiyyə, turizm və ticarət kimi bütün sahələri əhatə edib.
Tətillərə görə taksilərin işləmədiyi Kataloniyada, məktəblərin böyük hissəsinin bağlı olduğu, açıq olanlarda təhsilin verilmədiyi bildirilir. Bundan əlavə, xəstəxanalarda da təcili əməliyyatlar istisna olmaqla bütün müayinə və görüşlər başqa zamana keçirilib.
“Barselona” futbol klubunun də bu gün hər hansı bir qarşılaşma olmayacağı təqdirdə tətilə qatılacağı, universitet və şəhərdəki müasir incəsənət muzeyinin də bağlı qalacağı qeyd edilib. Bütün sektorların qatıldığı tətil səbəbilə Kataloniyada həyat demək olar ki, dayanıb. Səhər saatlarından sakit keçən tətilin gün ərzində də belə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Kataloniyada 1 oktyabrda müstəqillik referendumu keçirilib. Kataloniya rəsmilərinin sözlərinə görə, referendumda 2,3 milyon adam səsvermədə iştirak edib. Əhalinin 90,09 faizi səsverməyə “hə”, 7,87 faiz əhali isə “yox” cavabını verib. Kataloniyada təxminən 5 milyon 300 nəfər seçici var. Bununla da, səsvermədə iştirak edən əhalinin sayı 42,3 faizdir. Polis müdaxiləsi nəticəsində səsvermədə iştirak edən 893 nəfər yaralanıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Fransada binada təhlükəli materiallar tapıldı - OXUMAQ ÜÇÜN TIKLA |