“Bəzən tamaşaçı və dinləyici efirdə gördüyünü və eşitdiyini ədəbi fakt kimi qəbul edir”

“2003-cü ildə Milli Televiziya və Radio Şurası telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı”.

Metbuat.az-ın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib: “Həmin il Azərbaycan ərazisində teleradio yayımı sahəsində “Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar” qəbul edildi. 2008-ci ilin yanvarında MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla Azərbaycan dilində yayımlanmasının təmin olunması barədə qərar qəbul edildi”.

Şura sədrinin sözlərinə görə, narahatlıq doğuran məsələlərdən biri Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir: “Elmi-texniki tərəqqi nəticəsində yeni terminlərin ədəbi dilimizə daxil olması təbii proses olsa da, cəmiyyətimizdə məişət dilində yayılan əcnəbi sözlərin ədəbi dilə gətirilməsi halları müşahidə edilir”.

N.Məhərrəmli bildirib ki, qloballaşma dövründə böyük güclər ədəbiyyat, elm, dil, təhsil sistemi vasitəsilə “yumşaq güc” amilindən istifadə etməyə çalışırlar: “Digər narahatedici məqamlardan biri də televiziya və radio məkanında aparıcıların vurğu məsələsinə diqqətsiz yanaşmalarıdır. Monitorinqin nəticələrinə görə, daha çox fonetik normalar pozulur. Bu məsələdə xəbər və informasiya proqramlarının aparıcılarının və diktorlarının üzərinə daha böyük məsuliyyət düşür. Bəzi aparıcılar və ya müxbirlər yeni dəblə ayaqlaşmaq üçün sürətli danışığa üstünlük verirlər ki, bu da ədəbi dilin pozulması halları ilə nəticələnir”.

Şura sədri qeyd edib ki, teleradio məkanında dil normalarının pozulması hallarına reklam mətnlərində də rast gəlinir: “Bəzən tamaşaçı və dinləyici efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi fakt kimi qəbul edir. Efirdə dil norma və qaydalarının yanlışlığı tamaşaçı və ya dinləyici auditoriyasına da sirayət edir. Ona görə də dillə bağlı televiziya və radioların üzərinə düşən vacib məsələlərdən biri də ondan ibarətdir ki, reklamların dil özəlliklərinə, reklam dilindən irəli gələn qüsurlara xüsusi diqqət yetirilməli, bu cür reklamların efirə getməsinə yol verilməməlidir”.

MTRŞ sədri dublyaj sahəsində də problemlərin olduğunu vurğulayıb: “Sovet dövründə dublyaj çox keyfiyyətli idi, biz indi onun həsrətini çəkirik. Diktorlar, aparıcılar işə qəbul olunarkən məsələyə ciddi yanaşılmalıdır, onların hər biri Azərbaycan dilini mükəmməl bilməlidir. Təəssüf ki, telekanallarda yaradılan bədi şuraların fəaliyyəti kağız üzərindədir".

Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı