“Avropa dövlətləri bunu öz geosiyasi maraqları üçün edir” - Millət vəkili

İspaniyanın şimal-şərqində yerləşən Kataloniya Muxtar Vilayəti bütün təzyiqlərə baxmayaraq, 1 oktyabrda müstəqillik referendumu keçirdi. Müstəqillik tərəfdarı olan katalonlar, polis qüvvələrinin sərt reaksiyası ilə qarşılaşsalar da, fikirlərindən dönmədilər.

Muxtar Vilayətin lideri Karles Puçdemon da bütün təzyiqlərə baxmayaraq, müstəqilliklərini elan edəcəklərini bəyan edirdi. Ötən gün yerli parlamentin iclasında Kataloniya liderinin müstəqillik elanı edəcəyi düşünülsə də, gözlənilənin əksi baş verdi. Muxtar Vilayətin lideri müstəqillik elanının təxirə salındığını açıqladı. Bildirilir ki, Avropa Birliyinin təzyiqləri, hətta ölüm təhdidi katalon liderin belə addım atmağına səbəb olub.

Maraqlıdır, sona qədər təzyiqlərə boyun əyməyən katalon liderinin fikrini bir anda dəyişən nə oldu? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov deyir ki, Kataloniya referendumu ilə bağlı İspaniyanın mövqeyi bəlli idi:

“İspaniya Konstitusiyasına görə, hansısa bölgənin müstəqilliyi ilə bağlı yalnız bütün ölkə ərazisində referendum keçirilə bilər. Ancaq bir ərazidə referendum keçirilməsi Konstitusiyaya ziddir. Bu baxımdan, İspaniyanın mövqeyini Avropa İttifaqının digər ölkələri də müdafiə etdilər. Çünki bu, separatizm dalğasının daha da genişlənməsinə səbəb ola bilər və Avropa ölkələrinin çoxu bu problemlə ilə üz-üzə qalar. Oxşar problemlər onlarda da var, sadəcə indi o problemlər dondurulmuş vəziyyətdədir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Kataloniyanın müstəqilliyini istəyən və bununla bağlı konkret addımlar atan separatçı qüvvələrin rəhbəri birdən-birə öz fikrini dəyişməyə başladı. O, artıq müstəqillik elanının təxirə salındığını bəyan edib, eyni zamanda gözləmə mövqeyini seçib.

Maraqlıdır ki, referenduma qədər bütün təzyiqlərə baxmayaraq, səsverməni keçirən rəhbər qüvvənin belə bir anda geri çəkilməsi öz mövqeyini dəyişməsi hansı amillərlə bağlıdır? Hansı təzyiqlərə görə, o, öz mövqeyini 180 dərəcə dəyişməli oldu? Avropanın kütləvi informasiya vasitələrində artıq belə məlumat yayılıb ki, refendum keçirən şəxsə qarşı çox ciddi təhdidlər başlayıb, hətta fiziki baxımdan aradan götürülməsi məsələləri də gündəmdə yer alıb. Təbii ki, bu, çox anlaşılmaz vəziyyətdir. Çünki Avropa ölkələri hər zaman insan haqlarından bəhs edir, bunu əllərində bir bayraq kimi istifadə edirlər, özlərini demokratiyanın bayraqdarı hesab edirlər.

Ayrı-ayrı dövlətlərin daxili işinə qarışıb, guya həmin ölkələrdə insan haqlarının tapdalanmasını misal göstərirlər. Amma çox maraqlıdır ki, Avropa İttifaqı ölkələrində indi tamamilə fərqli hadisələrin, hətta ayrı-ayrı şəxslərin fiziki baxımdan aradan götürülməsi təhdidlərinin şahidi oluruq. Bu onu göstərir ki, demokratiyadan bir çox hallarda öz geosiyasi niyyətlərini həyata keçirmək üçün vasitə kimi istifadə olunur. Əslində demokratiya pərdəsinə bürünüb, öz geosiyasi maraqlarını reallaşdırırlar. Amma özlərini sülh göyərçini qiyafəsində təqdim edirlər”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ictimaiyyəti də bu prosesləri diqqətlə izləyir:

“Çünki separatizmin nə olduğunu yaxşı bilirik. Eyni zamanda, Azərbaycana qarşı da Avropadan gələn insan haqları, demokratiya ilə bağlı təzyiqləri çox eşidirik. Bu yalanların, iftiraların şahidiyik. Ona görə, şəxsən hesab edirəm ki, Azərbaycan cəmiyyəti, ictimaiyyəti Avropadan gələn bu yanaşmaya təəccüblənmir. Böyük şairimiz Qasım bəy Zakirin məşhur misrası yadıma düşür: “Özü lüm-lüm udur batində, amma Zahirdə dediyi mənaya bir bax”. Avropada bu gün bu reallıq yaşanır”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI