“AŞPA bizim üçün artıq çoxdan mahiyyətini aşkar edib” - Millət vəkili

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.

Metbuat.az-ın məlumatına görə, artıq Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Aparatının şöbə müdiri Novruz Məmmədov və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qərəzli Qətnamə ilə bağlı açıqlama verib

Məsələ ilə bağlı millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin 10 il üzvü olan Fəzil İbrahimli deyib ki, Avropa Şurası Parlament Assambleyası, ümumiyyətlə Avropa Şurası artıq çoxdan mahiyyətini aşkar edib:

“Bu, işğalçı dövlətlə işğal edilən dövlət arasında fərq görməyən təşkilatdır. Onlar üçün haqq, ədalət heç bir əsas deyil. Bir milyon qaçqının taleyi ilə bağlı heç vaxt danışmırlar, dünyanın hansı ölkəsində belə bir şey var? Dövlətin sərhədləri, millətin hüququ pozulub, 20 faizi torpağı işğal olunub. Azərbaycanla bağlı necə ədalətli ola bilərlər?

Fəlsəfəsi ədalətsizliklə qurulan təşkilatın Azərbaycana qarşı münasibəti birmənalı qərəzlidir. Mənim də AŞPA-da iştirak etdiyim məqamlar olub. 10 il Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam. Orada V gün iş qurtarır, axırıncı gündür. Onlar da Ermənistanla bağlı olan bütün məsələləri saxlayırlar V gün iclasın axırına. Orada da kvorum belədir ki, zalda 10 nəfər də olsa kvorum hesab olunur. Hamı çıxıb gedir, zalda cəmi 20-30 nəfərlə məsələni müzakirə edirlər. Bəzən heç Azərbaycan nümayəndə heyətinə müzakirə üçün söz çatmır. Bunlar mənim şahidi olduğum məqamlardır.

Ona görə də Avropa Şurasının qətnaməsi Azərbaycana qarşı qərəzli mövqedədir, xüsusilə də məruzəçilər təyin olunanda. Azərbaycan Avropa Şurasının üzvü olandan ölkəmizə qarşı ikili standartlar mövcud olub, ögey-doğmalıq, xristian təəssübkeşliyi var. Qəbul olunan qətnamələrin də fəlsəfəsi xristian təəssübkeşliyi, erməni lobbiçiliyi və Azərbaycana qarşı ədalətsiz münasibətin ifadəsidir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI