Peşmərgə Kərkükdən qaçdı, amma...

İraq ordusunun rəhbərliyi kürd muxtariyyətinin nəzarətində olan bütün mübahisəli ərazilərin azad olunduğuna dair bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, bununla Peşmərgə dəstələri 2014-cü ildəki mövqelərinə çəkilmiş olub.

Qeyd edək ki, 3 il əvvəl İŞİD terrorçularının hücumlarını fürsət bilən kürd regional hökumətinin rəhbəri Məsud Bərzani Kərkük, Sincar, Mahmur və digər mübahisəli bölgələri ələ keçirmişdi.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlunun sözlərinə görə, Kərküklə bağlı məsələlərdə Kürd Muxtariyyətinin, Bərzaninin geri çəkiləcəyi bəlli idi:

“Ona görə ki, bu proseslərdə vacib məqam Kərkükün əhəmiyyəti ilə bağlıdır. Kərkük bölgədə maraqları olan qüvvələrin hədəflərinin kəsişdiyi nöqtə idi. Yəni, bura elə bir strateji əhəmiyyətə malikdir ki, bölgədə marağı olan qüvvələrin hər birinin bura ilə bağlı öz hədəfləri var.

Kərkük İraqda neft ehtiyatlarının 40 %-nə malik olan ərazidir. Bu zaman oranın böyük iqtisadi potensiala malik olduğu və bu səbəbdən daha qiymətli olması baxımından da fikir yürütmək olar. Ümumiyyətlə, bilinirdi ki, Kərkükün nəzarəti Ərbilə verilməyəcək. Mən deməzdim ki, Kərkükün İraq ordusuna təslim edilməsi kürd siyasətçilərin öz aralarında olan fikir ayrılıqları ilə bağlıdır. Təbii ki, bu da önəmli rol oynayır. Amma burda başqa bir məqam odur ki, Bərzani Kərkükü təslim etməklə manevr imkanlarını qazanmaq istəyir.

Bəs, dialoq baş tutmasa, İraq ordusunun kürd muxtariyyətinə daxil olması gözlənilirmi?

Referendumun nəticələri təsdiq edilməyənə qədər, yəni, Ərbil "Kürdüstan" adlı dövlətin yaradıldığını elan etmiyənə qədər, düşünmürəm ki, İraq ordusu hər hansı müdaxilə etsin. Kərkükün təslim edilməsində də elə bu formatlar dayanır. Yəni, tərəflər çox yaxşı anlayır ki, onlar nə istəyir, kimin qırmızı xətti nədir. Ona görə də,indiki halda hər hansı müdaxilədən söhbət gedə bilməz. Bu, yalnız o zaman mümkün olacaq ki, Ərbil "Kürdüstan" dövlətinin yarandığını elan etsin. O zaman hərbi müdaxilə gözləniləndir".

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR