Görəsən, kimin ağılına gələrdi ki, gülüş zaman irəlilədikcə önəmli bir hadisə olacaq və həyatımızın hər dönəmində içdən gələn qəhqəhənin xoş səsi hıçqırıq və göz yaşlarından daha doğma görünəcək? Kafkavari həyat yaşamırıq, nə də Stenli Kubrik filmləri bizim real həyatımız deyil, buna baxmayaraq, göz yaşını elə çox sevirik ki bəzən.
Nostalgiya xarakterli, arabesk ruhlu Yeşilçam istehsalı türk filmlərinə çox baxdığımızdan bizim də leksikonumuza ağlamaq sözü ruhi təskinliyin sığortası kimi daxil olur. Doyunca ağlayanda guya iç açılır, nə qədər çox ağlasan, o qədər rahatlayarsan inancı və spiritual yəqinlik bizi dəli edir.
Eynilə metafizik inanclarımız da belədir, bizim metafizik inam mənbəyimiz naturalist təbiət hadisəsi və spirituallıq arasında ləngər vuran gəmini xatırladır. Daxili gəmilərimizin Kapitan Nemoları bizim şüurdan arınmış beyin dünyamızdır, amma qarışdırmayaq, bu, heç Freydizmin qeyri-şüuri yönəlməsi də deyil. Çünki zövqlərimizlə baş verənlər arasında dərin uçurumlar mövcuddur.
Bax, ona görə, ağlamaq Sartrın ürək bulantısı, yaxud Mopassan yalqızlığı filan deyil, ağladıqca batırıq deyirdi, Molyer. Gülmək isə bizə həyatda daha arsız olmağı öyrədir. Bilirəm, çox miskin adam təsiri bağışlayıram, məni düşündürən fikirləri yazıya tökməzdən əvvəl neçə dəfə özümə “lənət” yağdırdım, ancaq siz də bilirsiz ki, gülməkdən başqa əlimizdən heç nə gəlmir.
Gülmək heç olmasa, qanı duruldur, sinir sistemi, maddələr mübadiləsini tənzimləyir və tibblə idealist fəlsəfənin tək barışdığı nöqtə də gülməkdir.
Gülmək sonsuz qaranlıq vəd edən yeni dünya mənzərəsi ilə bədbin daxili aləmimizin çaşdırdığı təbəssümün saxtalıqdan bir az daha çox dəyər qazanma vasitəsindən başqa bir şey deyil. Fransız fəlsəfəsini oturuşmuş Voltersayağı yəqinliklərdən xilas edən, mücərrəd olanın yaradıcılığında zirvəyə qalxdığı filosof Anri Berqsonun “Gülmək” kitabı başqa aləmin üzümüzə açılan qapılarıdır. Kobeyn intihardan öncə “yalançı gülüşlərdən bezdim” deyirdi, haqqlı idi, saxta göz yaşları saxta gülücük zərrələri qədər üfunətli deyil. Amma gördüklərimiz, susduqlarımız və itirdiyimiz yer kürəsi timsalında gülmək ən yaxşı vasitədir və icazə verin, insanlar bir az sosial şəbəkədə gülsün.
Fərdin məsuliyyəti hermenevtika ilə intibaha qalxdı, heç biriniz də Herder deyilsiz, ona görə, adamların məsxərələrinə, lağlağılarına və acı hadisələrə verdiyi ironik reaksiyalara qətiyyən sərt münasibət göstərməyin.
Berqson gülməyi düzəltmə hesab edirdi. 19-cu əsr Qərb teatrını və bütün estetikliyini formalaşdıran gülüşə baxış meyarlarının dəyişməsi idi. Doğrusu, Rotterdamlı Erazm mənəvi böhranın hakim olduğu orta çağ qaranlığında belə gülməyin labüdlüyünü dəfələrlə yazırdı.
Selincer kimi ağır qəmginlik elementləri ilə bol olan yaradıcılığa malik yazar da, hətta dərvişanə şərq meyilinin yeni filosof kimi sırıdığı Oşo da, populyar incəsənətin qatdan məhrum etdiyi yüngül detetktiv əsərlər də gülmək üzərinə fokuslanan bütün hissələri əsərlərinin və yaratdıqları şeylərin kuliminasiya nöqtəsinə çıxardır.
Berqson Dekartın düşüncə ilə bağlı hər dövr üçün önəmli olan o məlum fikirlərini inkar edərək, insanı heyvandan ayıran şeyin düşünmək yox, gülmək olduğunu söyləyərək təbəssümün dəyərini şaxələndirdi. Yaşayan eknsiklopediyalardan olan Umberto Eko gülmək hadisəsini empirik bilginin izahından çıxardı və təbəssüm qədər fiziki sabitlik yaradan ikinci bir şeyin olmadığını vurğuladı.
Dursuq yerə “Qızılgülün adı” romanına Aristoteli və onun “Poetika”sını salmadı. Aristotelin “Poetika” əsərini şairlər də, filosoflar da, təcrübi elmlə məşğul olan alimlər də, estet və sənətşünaslar da illər boyu oxuyur və tərcümələri sayısız- hesabsızdır. Hər şey bir qırağa, Aristotelin eramızdan öncə yaratdığı bütün bu üst səviyyəli yaradıcılıq aktları insanın gücünü göstərir, hürufilər Şərqdə, dualistlər isə Qərbdə Aristotel zəkasını axtarırdı, insanı ilahiləşdirəndə. Aristotelə görə həyat sadəcə tragediya deyil, qəzəb və mehribanlıq, sevgi və nifrət xeyir və şər, işıq və qaranlıq kimi vəhdətdədir. Buna görə, tragikomediyadan ibarət olan yaşamımızda bizə təskinlik verəcək şey maddi yüksəliş və dolu rifah səviyyəsi deyil, ancaq gülmək anıdır.
İnsan güləndə skeptikaya, skeptisizm şübhəyə, şübhə isə yeni nəticələrə səbəb olur. Aristotelin bütün kitabları “Poetika” qədər basqıya məruz qalmadı. Təbii ki, kitabın həm teatr xadimləri, həm də ədəbiyyatçılar üçün önəmi kilsənin marağında deyil, onu maraqlandıran gülməklə bağlı Aristotel məntiqinin izahları idi. Gülmək insanı kilsənin qurtuluş yolu olma inancından uzaqlaşdıracaqdı, gülmək prosesini şeytani akt hesab edən bütün rahiblərin hegemonluğu da beləcə aşağı düşərdi. Ona görə kitab əsrlərlə qadağan olundu. Burdakı ən gülməli məqam antik Qərb insanının beyin məhsulunun orta əsr insanı tərəfinən qadağan elan olunmağında idi. Sonralar Ziqmund Freyd Aristotelin gülməklə bağlı tezislərini fəlsəfi bilgi və elmin harmoniyası ilə zənginləşddirdi.
Freydə görə gülmək insanı rahatladan mayelər ifraz edir və qan təzyiqini aşağı salır. Neyrofizioloji laboratoriyaların gəldiyi nəticə də freydizmi məntiqi yekuna qovuşdurur. Beyinin ventromedial bölgəsinin endorfin ifrazı birbaşa gülməklə əlaqəlidir. Gülmək həmçinin bağırsaqlardakı sinir hüceyrələrini də möhkəmlədir və həzm sistemini yaxşılaşdırır. Şərq mütəfəkkiri İbn Sina insanın gülmək ehtiyacını qaralayan cahil qurumlara qarşı ciddi etiraz edənlərin ilk sırasında dayanır. Fərabinin aforizmlərində təbəssüm insan mənəviyyatının ayrılmaz hissəsi hesab olunurdu, idrak halıyla bağlı bütün təlimlərdə gülmək önəmli bir yerə sahib idi. Bizim gülmək ehtiyacımız həmişə var. Onsuz da kədərli görünmək sadəcə artıq yoruculuqdan başqa bir şey deyil.
Əgər hər ikisi də heç nə etmirsə, daha xeyirlisini etməklə nə itirərik ki?. Medianı da cənginə götürən qəmgin şeirlər və yazılardan daha ümid verici mesajlarla insanlara yardım etmiş olarıq. “İnsanın gülməyi möhtəşəm bir şeydir” deyən Berqsonla nöqtəni qoyaq.