“Azərbaycan bir çox ölkə üçün örnək sayıla biləcək addım atdı”- Millət vəkili

“Prezidentin təqdim etdiyi və bu gün Milli Məclisin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ilə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilir”.

Metbuat.az-ın məlumatına görə, bunu, millət vəkili Sahib Əliyev bildirib. O, qeyd edib ki, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncamında nəzərdə tutulan cəza siyəsətinin humanistləşdirliməsi yolunda çox mühüm addımlardır:

“Cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması fəlsəfəsinə dayanan bu dəyişikliklər 3 baxımdan yüksək qiymətləndirlilməlidir. Birincisi, minlərlə suç işləmiş insana əvvəllər nəzərdə tutulduğundan daha yüngül cəza növü tətbiq ediləcək və bu, bir sıra hallarda cəzanın həbsxanada deyil evdə çəkilməsi, digər hallarda daha yüngül, alternativ növlərilə əvəz olunması deməkdir. Ağır rejimli həbsxanalarda insanlar heç də həmişə tərbiyə olunub çıxmırlar, əksinə oradakı mühit onların xarakterlərində dərin iz buraxır ki, bu da gələcək davranışlarına təsirsiz ötüşmür. Ona görə də yüngül cəza törədib həbsxanaya düşən adamların sonradan daha ağır cəza törətməsi hallarına az rast gəlinmir. Yeni dəyişikliklər mümkün qədər bu cür mənfi haların qarşısını alacaq.

Siyasi baxımdan götürsək, Azərbaycan bununla bir çox ölkələr üçün örnək sayıla biləcək addım atdı. Həm də söhbət o ölkələrdən gedir ki, onlar bəzən bizə insan haqqlarınadan dərs keçməyə qalxsalar da, özlərində cəza siyasətinin humanistləşməsi yönündə hələ bu cür təsirli addımlar atılmayıb. Məsələnin üçüncü tərəfinə gəldikdə, dövlət bununla cəzaçəkmə yerlərində minlərlə adamı yedirib-içirmək və saxlamaq yükündən azad olur. Buradan qənaət edilən vəsait başqa sahələrə, eyni zamanda, elə həmin cəzaçəkmə yerlərində vəziyyətin daha da yaxşılaşdırılmasına yönəldilə bilər”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI