Bu gün məşhur azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin doğum günüdür.
Metbuat.az-ın məlumatına görə, görkəmli şairimiz Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alan şair 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub və Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən Hüseyn Cavid, Naxçıvanda, Gəncədə, Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib. O, klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. Hüseyn Cavid eyni zamanda, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.
H.Cavidin "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub, daha çox dramaturq kimi tanınıb. Onun tarixi dramları olan "Peyğəmbər" və "Topal Teymur"dan sonra yazdığı "Səyavuş", "Xəyyam" əsərləri müəllifin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş yaradıb. Sənətkar totalitarizmin dəhşətli dövründə sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyərək rəhbər şəxsləri mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 1941-ci il dekabrın 5-də də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində dünyasını dəyişib.
Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində sənətkarın nəşi İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib, qəbri üstündə məqbərə ucaldılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə dahi sənətkarın 130 illik yubileyi yüksək səviyyədə qeyd olunub.