​TOXUNULMAZLAR

Əvvəlkiləri bilmirəm amma bizim nəslin məktəblilərindən az adam tapılardı ki, heç olmazsa ədəbiyyat kitabındakı yazıçılara bığdan, saqqaldan çəkməsin. Müəllimlərin reaksiyasından belə başa düşürdük ki, onlar belə iş görməyiblər. Onu da başa düşürdük ki, onlar bunu həm də edə bilməyiblər. Sovet dövründə kimin buna cürəti çatardı ki... indiki ağlımla baxanda bizim o tərbiyəsizliyimizi genetik bir aclığın nəticəsi kimi anlayıram. Bəlkə də valideynlərimizə o qadağalar qoyulmasaydı biz ağılsız məktəblilər də kor-koranə şəkildə şəxsiyyətlərimizi o günə qoymazdıq. Ya bu qadağalar olmamalı idi, ya da axıra qədər olmalı idi. Yəni günah haradasa pozulan balansdadır. İndi belə baxıram ki, bizim o tərbiyəsizliyimiz üsyanın ilk qığılcımları imiş. Bu gün artıq hamı hamını söyür. Bütlərin dağılması yaxşı olmağına yaxşıdır amma ortaya cəmiyyətlərin şəxsiyyət problemi çıxır axı. Neçə vaxtdır düşünürəm ki, misal üçün çılğın Türkiyə gəncliyi Ərdoğanı söyür, hətta yeri gələndə Atatürkə də əl uzadılır, amma Fateh Sultan Mehmetə toxunan yoxdur. Bir vaxtlar kitablarda bığ-saqqal üsyanı ilə başlayan bizim gəncliyin söymədiyi adam yoxdur. Bu günkü yazarların az qala hamısını bu sıraya qatıblar, amma Nəsimiyə toxunan yoxdur. Nizami Gəncəvi toxunulmazdır. Bəlkə məsələnin kökündə vaxt anlayışı dayanır deyə düşündüm amma Zərdabiyə kim nə deyə bilər ki? Vahidə kim dil uzadır ki? Deməli məsələ yaxınlıqda ya da uzaqlıqda deyil. Mənim gördüyüm odur ki, ədəbiyyatda birinci üsyan dalğası 90-ların axırı, 2000-ci illərin əvvələri başladı. Özü də bunu birinci Rasim Qaracadan gördüm.

Söhbət siyasətdən və ya xırda tənqidlərdən getmir haa. Söhbət açıq-aşkar aşağılanmadan və hələ ki, yalnızca ədəbiyyatdan gedir. Siyasətdə belə şeylər artıq ədəbiyyatdan da qabaq başlamışdı amma ədəbiyyatın toxunulmazlığı qalırdı. Açığını deyim ki, başlanan bu üsyankarlıq bizim də ürəyimizdən tikan çıxardı, çünki səbəblərimiz eyni idi. Bizi çap etmək istəmirdilər. Ədəbiyyat, Ulduz kimi dövlətdən maliyyələşən jurnalların başında oturan işbazlar hərənin yazısına bir qulp qoyub üç-dörd aydan bir keflərinə düşəndə bir şeirimizi ya da yazımızı çap edərdilər. Ona görə də üsyan başladı nə başladı... Ədəbiyyat bu cür yazılardan ciddi-ciddi şok keçirdi amma işin pis tərəfi odur ki, sonra öyrəşməyə başladı. Bəli! O üsyanın səbəblərinə baxmadılar. Üsyan edən gəncliyə "Əccəb edirik!" tərzində cavab verdilər. Əsl dram da ondan sonra başladı. O üsyankar nəslin ardınca daha üsyankar nəsil gəldi. Tipik tərbiyə üsulumuz! Rusun uşağı qışqırıb, ağlayanda valideyn səsiniz daha da azaldıb ona başa salır ki, sənin etdiyin tərbiyəsizlikdir. Bir dəfə, iki dəfə, üç dəfə, axırı ki, mədəniyyət öz sözünü deyir. Bizdə isə ya valideyn uşaqdan da möhkəm qışqırır, ya da ki, ümumiyyətlə reaksya vermir. Bəli, bizim gənclik tərbiyəsizdir, amma hələ ki, əxlaqsız deyil.

Gəncliyimizin hələ də toxunmadığı dəyərlər var. Hələ ki, bu tərbiyəsiz gəncliyi birləşdirib susdurmağı bacaran bir Mikayıl Müşfiq şeiri qalıb. Deməli hələ ki, ağ-qaradan seçilir. Deməli hələ də ayaq saxlayıb, "sizin üçün nə edə bilərik" demək gec olmaz. Amma bir şərtlə ki, onları susdurmaq naminə yox, dinləmək naminə dönəsiz. Elə bilirsiz söyüş tərbiyəsizin xoşuna gəlir?..


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı