“Bir də görürsən, Mişel Obama şpaqat açdı” - MÜSAHİBƏ

“Bir də görürsən, Mişel Obama şpaqat açdı” - MÜSAHİBƏ
14:14 9 Yanvar 2015
399 Sosial
Ölkə mətbuatı
A- A+

Günel Musəvi: “İntihar etməkdənsə, istədiyi kimi yaşasın”

Tanınmış yazar Aysel Əlizadə Lent.az-da yeni rubrikaya başlayır. “Ayna” adlı bu rubrikada yaradıcı xanımlarla müsahibələr yer alacaq. İlk müsahibimiz bir vaxtlar Azərbaycanın populyar teleaparıcısı olan, hazırda ABŞ da yaşayan Günel Musəvidi. O, bu günlərdə Bakıya gəlib. Uzaq Amerikadan vətənə qonaq gələn Günel xanımla söhbətə Bakıdan başladıq...

 

- Bu dəfəki gəlişində səninlə görüşmək istəyən çox oldu...

 

- Hə, doğrusu, özümçün də gözlənilməz oldu.

 

- Səncə, niyə bu qədər?

 

- Bilmirəm, bəlkə  dörd ildi gəlmirəm, dostlar darıxıb. Üstəlik, iki ildi “Every Azeri” bloqu yaratmışam. Orda azərbaycanlı xanımlar fikirlərini, təcrübələrini, hekayələrini bölüşürlər. Buna görə də insanlarla daha sıx ünsiyyətdə oluram. Yəqin onunla da bağlıdı. Ona aid Every Azery Youtube kanalı da açmışam. Hara gedirəm, on dəqiqəlik süjetlər çəkib yerləşdirirəm.

 

- Bu süjetlərdə, bloqunda özünü daha yaxşı ifadə edirsən?

 

- Mən başqa işdə özümü tapa bilmirəm. Amerikaya gələndə ikinci təhsilimi aldım. Uşaq psixoloqluğunu bitirdim. İkinci təhsilim idi deyə iki il oxudum. Sonra işlədim və gördüm ki, alınmır. Bu mənim işim deyil. Bloqqer kimi daha çox təşkilatçılıq edirəm. Özüm az fəaliyyət göstərirəm. Daha çox başqalarını cəlb edirəm və bu işdən maddi heç nə güdmədən mənəvi qida alıram.

- Hər halda, nəsə bir məqsədin, mesajın var...

 

- Təbii. Faydalı bildiyim mövzuları seçib, ingiliscədən Azərbaycan dilinə tərcümələr edirəm. Diasporumuzun fəaliyyətinə dəstək üçün müəyyən işlər görmək istəyirəm, birliyə çağırıram soydaşlarımızı. Xaricilərə xanımlarımızın dünyagörüşünü çatdırmağa çalışıram. Diasporamızın fəaliyyətini gücləndirməyə ehtiyac var. Bir misal gətirim. Mən orda türk diasporuna üzv olmuşam. Bura gəlməzdən əvvəl e-mail aldım ki, bir türk arkadaşımız vəfat edib. Meyitini İstanbula aparmaq üçün on min dollar gərəkdi. Fikirləşdim, bu pul yığılana qədər zaman keçər, xoşagəlməz vəziyyət yaranar. Ancaq iki gün sonra təkrar təşəkkür e-maili gəldi. Lazım olandan artığı yığılmışdı.

 

- Bu, insanların məsuliyyəti ilə bağlıdı, yoxsa diasporun fəaliyyəti ilə?

 

- Bilmirəm. Hər halda, azərbaycanlı ora gələndə çox əziyyət çəkir. İş tapmaq, hardasa yerləşmək üçün ora-bura baş vurur, qohum-əqrəba axtarır. Ancaq türkiyəlilər, yəhudilər, ukraynalılar, ermənilər çox aktivdilər bu işdə. Hansısa ölkədən soydaşları gələn kimi hamıya e-mail göndərirlər və məsələ həll olunur. Bir-birinə sahib çıxırlar. Özü də bizim ştat (Minnesota ştatı, Minneapolis şəhəri) məsələn, Kaliforniyaya baxanda o qədər də böyük sayılmaz. Bizdə daha çox amerikalılar yaşayır. Böyükdü, ancaq digər xalqlar çox deyil orda. Bu mənada, iki günə həmin məbləğ yığılanda çox heyrətləndim. Bizim tədbirlər azdı. Az adam yığılır, otuz nəfər ola-olmaya, hansısa restoranda keçiririk, bu qədər. Dövlət səviyyəsində konqresmenlərin, tanınmış adamların iştirakı ilə tədbirlər keçirilmir, başqa diasporlardan fərqli olaraq. Təkcə bizim ştatda yox, yaxın ştatlarda da olmur. Ancaq Vaşinqton DC, Nyu-York, Los-Anceles, Texasda ARDNŞ-nin dəstəyilə normal tədbirlər keçirilir, bu da 51 ştatdan ibarət ölkədə diasporumuzun fəaliyyəti üçün kiçik göstəricidir.  

 

-  Bir immiqrantın həyatı nədən başlayır?

 

- Özünə verdiyi suallardan. Mən neyniyim? Nə istəyirəm, nə etməliyəm? Bəlkə elə bloqu da ona görə yaratmışam. Bu illərdə özümü tanımışam. Sən demə, Günel bu qədər möhkəm ola bilər, sınmaya bilər, hər şeyin öhdəsindən gələr. Özümü zəif bilirdim. Geriyə baxanda bu beş ildə nə qədər dəyişiklik görürəm. Əvvəl ağız büzdüyüm şeylərə indi normal baxıram. Amerikalı dostlarımdan çox şey öyrənmişəm. İnsan həyatına qarışmamağı öyrənmişəm. Hər insanın yaşamaq haqqı var və yaşadığı müddətdə seçimləri yalnız özünə aiddi.

 

- İlk dəfə səni nə silkələdi? “Belə də ola bilərmiş...” düşündün?

 

- İlk dəfə bizim ştatda küçədə qucaqlarında uşaq, əl-ələ gedən iki qadın görəndə silkələndim. O andan sonra həyat dəyişdi mənim üçün. Təzə-təzə pis baxırdım. Sonra öyrəndim ki, universitetdə mənə dərs deyən, xətrini çox istədiyim bir qadın professor da qadınla evlidi. Normal insandı, savadlı, ağıllıdı, insansevərdi. Ancaq onun bu məsələdəki seçimi budu. Biz buna pis baxırıq, bizim dünya görüşümüz buna icazə vermir. Amerikada yaşayan bir insan kimi hesab edirəm ki, kimin necə yaşaması onun öz haqqıdı. İki Günel var artıq. Bir azərbaycanlı, bir amerikalı.

 

- Hansı daha ağır gələr?

 

- Əlli əlliyədi. Mən konservativəm. Ancaq dərinə gedəndə fikirləşirəm, bir insan niyə özü istədiyi kimi yaşamasın.

 

- Bir də təbiət qanunları var. Qadın və kişinin hərəsinin öz funksiyası və təbii təyinatı var.

 

- Qanunlar elə onları pozmaq üçündü.

 

- Məsələn, dağı aşırıb yerində meşə salmaq mümkündü...

 

- Las-Veqas öncədən bir səhra idi. Əgər orda belə gözəl şəhər yaratmaq mümkün olubsa, elə Dubayın özünü qurublarsa demək, insan həyatı da dəyişə bilər. Dəyişmək,  yerində başqa bir şey yaratmaq olar. Olmaz deyilən və mümkün olmayan heç nə yoxdu həyatda. Demirəm, qadının qadınla evli olmağı yaxşıdı. Olmasa, lap yaxşı. Ancaq varsa, bizim buna qarışmağa haqqımız yoxdu. Düşünürəm ki, insan intihar etməkdənsə istədiyi kimi yaşasın. Necə xoşbəxtdisə, elə...

 

- Niyə yalnız azərbaycanlı ilə ailə quraram deyirsən?

 

- Bilmirəm. Mənə elə gəlir, amerikalı bir azərbaycanlı qadını heç vaxt anlaya bilməz. Baxmayaraq ki, onlar çox yaxşı həyat yoldaşı olurlar. Məncə, özümü ifadə etməm çətin olar. Yad gəlir xarici kişilər mənə. Tam ürəyimə buraxa bilmirəm. Azərbaycanlıya nəyisə izah etməyə gərək olmaz. O məni görən kimi anlayar. 

 

- Axı sən müsahibəndə demisən ki, azərbaycanlı sevgilin ailəsi razı olmadığı üçün səninlə evlənməyib. Bu necə anlamaqdı? Bir kişi necə sevdiyi xanıma “papam qoymur, mamam razı deyil” deyər?

 

- Hə, bu da var. Xaricilər bizim qadınlara çox sahib çıxdılar. Elə bil kişilərimiz qadınlarımızın qədrini bilmir. Kişi ayaqları üstündə dayanmırsa, həyatı ilə bağlı qərarları özü vermirsə, sevgisinə, arzularına sahib çıxmırsa, nə özü, nə onunla olan qadın heç vaxt xoşbəxt, rahat olmaz. Əlbəttə, ikinci dəfə belə situasiyaya düşmək istəmərəm. Və əgər sevə biləcəyim, ruhuma uyğun bir xarici rastıma çıxsa, onunla evlilik haqda düşünərəm. Hələlik beləsi olmayıb. ABŞ-da qadın-kişi bərabərliyi o qədər qabarıqdı ki, onların qadınlarında incəlik, xanımlıq qətiyyən hiss olunmur. Hamilə qadın doqquz ay çalışır. Doğuşdan iki həftə sonra da mütləq işə çıxır. Uşağa ya dayə baxır, ya bağçaya qoyurlar. Amerikan qadınların çoxu elə kişilər kimi yaşayır, onlar kimi geyinir, davranır. Divana söykənib əlini başının arxasına qoyub yayxanıb otura bilər. Bizim ən işgüzar qadınımız da baxımlıdı. Xanımlıq qanımızdadı və bu, heç vaxt dəyişməyəcək. Ola bilər, özümü onların yanında xanım kimi hiss etmirəm deyə inanmıram ki, bir amerikalını sevə bilərəm. Onlar çox vaxt qadına öz həmcinsləri kimi baxırlar.

 

Azərbaycanda nəyin dəyişməyini istərdin?

 

- Hər kəsin öz qiymətini almasını, insanlara şəxsiyyət kimi yanaşılmasını istərdim. Bunu  uşaqlıqdan etmək lazımdı. Ailədə, bağçada, məktəbdə uşağa böyük adam kimi baxılması vacibdi. Amerikalı uşaqdan icazə alır, fikrini öyrənir, onu heç vaxt susdurmur. Və hər yerdə uşaq hörmət görə-görə böyüyür.

 

- Yaşadığın cəmiyyətdə insan hüquqları siyahısında birinci yerdə kimlər gəlir?

 

- Qocalar və uşaqlar. Orda yaşlılara çox hörmət edirlər. Cavanlar böyüklərdən üzr istəmədən masa arxasından qalxmaz. Böyüyə hörmət onun uzun-uzadı məsləhətlərini dinləməklə, həyatına qarışmasına icazə verməklə ölçülmür. Orda hər kəsin həyatı toxunulmazdı.

 

- Bizim cəmiyyətdə hesab edirlər ki, avtobusda böyüyə yer verən yeganə toplum bizik və bu, hörmət göstəricisidi.

 

- Orda heç yer verməyə gərək də olmur. Hər on dəqiqədən bir, vaxtında avtobus gəlir. Hamı bir avtobusa dürtülmür. Miniklər boş olur. İkincisi, əlillər və yaşlılar üçün xüsusi oturacaqlar, yerlər var avtobuslarda. Əlil arabasında adam avtobusa çox rahat minir. Təkərlər üçün yer var. Ehtiyac olanda adamlar yer verirlər. Yeri gəlmişkən, istərdim  bizdə də əlillər üçün küçədə, avtobuslarda şərait yaradılsın. Mənim bir tanışım əlil arabasındadı. İllərdi evə qapanıb qalıb. Çünki nə avtobusa minə, nə metroya düşə, nə harasa gedə bilir. Əziyyət çəkir evdən çıxanda. Əlil insan cəmiyyətdən qopmalı deyil, o da cəmiyyətin bir parçasıdır və onun da hər kəs kimi sərbəst hərəkət etməyə, çalışmağa haqqı var. Eləcə də bağlı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması yaxşı olardı. Qapalı məkanda siqaret çəkmək başqalarına ziyan vurmaqdı. Bu, doğru deyil.

 

- Amerikalılar prezidentlərindən razıdılar?

 

- Respublikaçılar, təbii ki, razı deyil. Vədlərinin heç birini yerinə yetirmədi deyirlər. Demokratlar isə razıdılar. Mən də bir vətəndaş kimi razıyam. Çox iş görür. Ən xırda işlərlə belə maraqlanır. Xanımı da eynən. Məsələn, adi bir misal çəkim, ABŞ piylənməyə görə birinci yerdədi dünyada. Rejimsizlik, ayaqüstü atışdırmalar üzündən adamlarda kökəlmə gedir. Mişel Obama hazırda bu işlə uğraşır. Bütün məktəblərdə qida rasionunu dəyişdirdi. Yalnız təbii qidalar, təbii şirələr, faydalı yeməklər menyusu tərtib olundu. Sağlam həyatı təbliğ edir. Keçirdiyi kampaniyalarda özü də insanlara qoşulub idman edir, bir də görürsən şpaqat açdı. Çox rahatdı. Obama ailəsinin uğuru ondadı ki, sadədi, səmimidi. Və sadə insanlara diqqət ayırır. Xalqa yaxındı. Bütünlükdə ABŞ-da sevgi və uğur qazanan adamlar hamısı bununla seçilir.

 

- Məsələn, teleaparıcı Opra Uinfri (Oprah Winfrey)...

 

- Bəli. Opra niyə bu qədər məşhurdu? Çünki xeyriyyəçiliklə məşğuldu. Bacardığı qədər kömək edir insanlara. Aksiyalar keçirir və hər dəfə insanları ruhlandırır. Əlbəttə, bunu təkcə öz hesabına etmir. Sponsorlar, özəl və dövlət qurumları cəlb olunur. Böyük bir təşkilatçılıqla həyata keçirilir bu tədbirlər. Ancaq Opra kasıb ailədən çıxdığını, nə vaxtsa hüquqsuz bir irqin nümayəndəsi olduğunu və zəhmətilə bu yerlərə qədər gəldiyini hər dəfə vurğulayıb, insanlarda uğura inam yaradır. Onlar yoxsulluqdan utanmırlar. Əksinə,  bunu hər dəfə qürurla deyirlər. Stimul verirlər.

 

- ABŞ da ən çox xoşuna gələn nədi?

 

- Adamlar yaşa dolduqca həyat eşqləri azalmır, əksinə artır. Universitetdə bizimlə 65 yaşlı bir qadın oxuyurdu. Biz olsaq deyərik neynir bu yaşda təhsili. Ancaq onun izahı vardı. Deyirdi, bizim nəsildə heç kim təhsilin dalınca getməyib, oxumayıb, mən bunu dəyişmək istədim. Qoy məndən sonrakılar təhsil alsınlar. Təqaüdə çıxan kimi dünyanı gəzməyə başlayırlar. Qızıl-brilyant, şuba, villalar, maşınlar almırlar. Yalnız səyahət edirlər. Dünyanın ən çox səyahət edən xalqı amerikalılardı. Bir də görürsən, təqaüdə çıxandan sonra gəzdi dünyanı gəldi, yenidən bir işə düzəldi. Orda yaşlılar üçün həmişə iş var. İnsan heç vaxt gərəksiz hiss etmir özünü. Adamlar vaxtında təqaüdə çıxır, gənclər işə götürülür, qalan vaxtı da işləmək istəyən başqa bir yerə işə düzəlir. Ayıb kimi yanaşmırlar. Həyat və yaşamaqdı bunun adı onlar üçün. Heç kim düşünmür ki, buna bax, bir vaxt professor idi, indi gəlib çörəkçi işləyir. Ona belə xoşdu.

 

- Və bütün bunların içində insan vətəni üçün darıxır...

 

- Təbii. Buranın tozlu ağacı belə Amerikanın ən gözəl ağacından doğmadı mənə. Baxmayaraq ki, dünyanın ən gözəl ağacları var orda. 

 

- Daha çox nə zaman darıxırsan?

 

Bax indi Günelin gözlərində daldalanan göz yaşı üzə çıxdı. Toparlanıb zorla:

 

- Bayramlarda...- dedi. - Bayramlarda özümü çox yalqız hiss edirəm. Burda olmaq istəyirəm, vətəni hiss etmək istəyirəm. Pisi-yaxşısı ilə bura aid hiss edirəm özümü.

 

Bu məqamda söhbətin əvvəlində ona verdiyim sualın cavabını tapdım. Biz hamımız bilirik ki, ölkədən gedənlərin əksəriyyəti bunu istədiyi üçün yox, məcbur qaldığı üçün, burda bacarmadığı üçün, yorulduğu üçün edir. Rejissor Rayan Merfinin “Ye, dua et, sev” (Eat, pray, love) filmindəki qadın kimi. Sıxılır, darıxır, evliliyi, işi, monoton həyatı onu yorur. Özünü itirilmiş hiss edir. Tarazlığı pozulur və özünü axtarmağa gedir. Hindistanda Baliyə üz tutur. Meditasiya edir, tək qalır, havada olur. Və yavaş-yavaş özünə gəlir. Hətta növbəti dəfə sevməkdən qorxur. Qorxur ki, yenə sevgiyə qapılar, sevdiyi üçün yaşamağa başlayar və özünü unudar.

 

- ...Hə, elə amerikalılar da harasa getmək istəyirlər. Onlar daha çox Avropaya köçməyi arzulayırlar. Məncə depressiya bununla bağlıdı. Dünyanı görmək lazımdı. İmkan olduqca səyahət etmək insanı təzələyir. Mən bura gələndə hamının üzünə gülümsəyirdim. Sonra gördüm insanlar əsəbidi, qəzəblə baxırlar bir-birinə. Hamı dalaşmağa hazır dayanıb. Məncə, bu monoton həyat tərzindən irəli gəlir.

 

- Yəqin. Az gəzdiyimiz, ömrümüzün sonuna qədər bir yerdə, hətta bir evdə yaşadığımız üçün belə aqressivik.

 

- Məndə də belə oldu. Sevgilimdən ayrılandan sonra depressiyaya düşməmək üçün səyahət etdim, kitablar oxudum, kədərli musiqilərdən uzaq qaçdım. Bir ilə özümü bərpa etdim.

 

- Sevdiyin yazıçı kimdi?

 

- Elif Şafak və Xalid Hüseyni.

 

- Elif Şafakda nə diqqətini çəkib?

 

- Keçmişlə indini hətta gələcəyi tutuşdurması. Bu gün baş verənlərin səbəbini keçmişdə axtarması və o bağı tapması.   

 

- Razıyam. Məsələn, “Baba və Bic”də bunu daha açıq yazıb. Bu gün xalqların bir-birini “zorlaması”nı ta qədimlərdən ağız-ağıza, iç-içə, bir-birinin sərhədini keçərək yaşaması ilə bağlayır. Hətta balaca bir evdə yaşayan böyük bir ailənin faciəsini bunun kiçik modeli kimi  verib. Yeri gəlmişkən, orda da oğlan yeni həyata başlamaq üçün ABŞ-a gedir.

 

- Ancaq yenə də xoşbəxt olmur...

 

- Səni ABŞ a nə apardı?

 

- ABŞ-a köçməyimin səbəbi ailəmin ora getməsi oldu. Burda işim alınsaydı, TV-də qala bilsəydim getməzdim. Çünki televiziyaçılıq mənim həyat tərzimdi. TV-yə heç vaxt yalnız işim kimi baxmamışam. Biz başqa cür görmüşük TV işini. ABA-da aparıcılara yüksək qiymət verilirdi. Hörmət görürdük. Aparıcı televiziya kanalının simasıdı. Kanal özü onun rahatlığının marağında olmalıdı. Sistemsizlik, təşkilatsızlıq, aparıcı ilə qara fəhlə kimi davranılması, “yaxşı veriliş istəyirsənsə get sponsor tap” deyilməsi, maaş almaq üçün növbədə dayanmağımız və bu kimi səbəblər üzündən işdən uzaqlaşdım. Gördüm ki, qalsam, özümə hörmətim azalacaq.

 

https://www.youtube.com/watch?v=itYRRkvmNDw

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR