“Bu, müsəlman dünyası üçün çox böyük fəlakətə səbəb ola bilər” - Elman Nəsirov

Xəbər verdiyimiz kimi, ötən gün Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket hücumu olub. Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan və dağıntı qeydə alınmayıb.

Səudiyyə Ərəbistanı, Yəmən ərazisindən Kral Xəlid Beynəlxalq Hava Limanına atılan ballistik raket hücumuna görə İranı günahlandırıb. Hakimiyyət orqanları tərəfindən verilən açıqlamada, Yəməndə fəaliyyət göstərən Husilərin, İranın dəstəyi olmadan belə bir hücumu həyata keçirə bilməyəcəyi ifadə edilib: “İranın rolu və bu məsələ ilə bağlı Husilərə əmri regional və qlobal səviyyədə sülh və təhlükəsizliyi təhdid edən, qonşu ölkələri hədəf alan açıq təcavüzkar hərəkətdir və Səudiyyə Ərəbistanı İranın bu mövqeyini müharibə elanı olaraq qiymətləndirəcək”.

Həmçinin, Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiya Yəməndəki bütün quru sərhəd məntəqələrini, dəniz və hava limanlarını bağladığını açıqlayıb.

Bu hadisədən sonra onsuz da iki ölkə arasında gərgin münasibətlər daha da kəskin vəziyyətə keçib. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Yaxın Şərq həmişə olduğu kimi barıt çəlləyini xatırladır və istənilən vaxt burada böyük müharibə alovu tüğyan edə bilər: “Baxmayaraq ki, Yaxın Şərqdə bir neçə həm ənənəvi, həm də yeni münaqişə ocaqları yaranıb. Bunların üzərinə, Səudiyyə Ərəbistanı ilə İran arasındakı indiki gərginliyi əlavə etsək, yeni münaqişə ocağının yaranmasının çox geniş potensial imkanları var. Bu da əlavə olunsa, sözün həqiqi mənasında Yaxın Şərq alova bürünə bilər. Məsələ ondadır ki, həm İran, həm də Səudiyyə Ərəbistanı müsəlman dünyasının çox nəhəng dövlətləridir. Çox böyük neft, enerji potensialı olan ölkələrdir. Əslində iki dövlət arasında diplomatik münasibətlər də yoxdur. Bu iki dövlət bir-birinə rəqib kimi yox, bir çox hallarda düşmən kimi yanaşırlar. Hesab edirəm ki, bugünkü dünyamızda müsəlman həmrəyliyinin əldə edilməməsinin əsas səbəblərindən biri də bu dövlətlər arasındakı gərgin münasibətlərdir. Gərginliyin azaldılmasına yönələn addımlar olmazsa, ölkələr öz tərəflərindən digər tərəfə kəskinləşməkdə olan ittihamları daha da gücləndirərlərsə, nəticədə sonda çıxılmaz vəziyyət yarana bilər”.

Millət vəkili bildirib ki, ən dəhşətlisi budur ki, iki dövlət arasında müharibənin başlanması daha asandır, nəinki dayandırılması. Çünki söhbət sıradan olan dövlətlərdən getmir. Həm Səudiyyə Ərəbistanı, həm də İran, müsəlman dünyasında çox böyük imkan və potensialı olan ölkələrdir. Əgər münasibətlərin gərginləşməsi dövlətlər arasında müharibəyə gətirib, çıxararsa, hesab edirəm ki, bu, müsəlman dünyası üçün çox böyük fəlakətə səbəb ola bilər. Eyni zamanda, Yaxın Şərqi sözün həqiqi mənasında, cəhənnəmə çevirə bilər. Ona görə də iki dövlətin münasibətlərinin tənzimlənməsi, normal məcraya yönəlməsi bu gün hesab edirəm ki, hər bir dövləti maraqlandırmalıdır, xüsusilə də həmin dövlətlərin özünü. Əks halda, ssenarilər ən arzuolunmaz şəkildə davam edə bilər”.

Elman Nəsirov bildirib ki, Azərbaycanın hər iki dövlətlə yaxın münasibətləri var: “Ölkəmiz hər zaman müsəlman aləmində sabitliyin, həmrəyliyin olmasında maraqlı olub. Bu da təkcə sözdə deyil. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev ötən ili Multikulturalizm, bu ili isə İslam hımrəyliyi ili elan edib. Bundan əlavə, IV İslam həmrəliyi oyunlarına Azərbaycan paytaxtı ev sahibliyi edib. Əsas məqsəd də ondan ibarətdir ki, müsəlman ölkələri, eyni zamanda, Səudiyyə Ərəbistanı və İran arasında həmrəylik təmin edilsin. Çünki bu olmayacağı təqdirdə onda müsəlman aləmində hansı birlikdən, sabitlikdən və həmrəylikdən danışmaq olar? Yəni, İran və Səudiyyə Ərəbistanı arasındakı son gərginləşmələr bir daha göstərdi ki, Azərbaycan dövlətinin və prezidentinin siyasəti nə qədər uzaqgörəndir, nə qədər perspektivə hesablanıb və nə qədər regionumuzda sülhə, əmin-amanlığa, barışığa, həmrəyliyə və birliyə xidmət göstərir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı