7-9 noyabr 2000-ci il tarixində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 (2000) saylı Qətnamə qəbul edilib.
Metbuat.az-ın məlumatına görə, bu sənəddə aşağıdakı qərarlar öz əksini tapıb:
1. Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;
2. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi;
3. Bu qətnamənin əlavəsinə uyğun şəkildə Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə ödəmələrinin miqdarının müəyyənləşdirilməsi.
Bu sessiyada qəbul olunan “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə dəvət” adlı Qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar təsbit edilib:
1. Nazirlər Komitəsinin Sədri və Azərbaycanın Xarici İşlər Naziri arasında 2000-ci ilin oktyabrında aparılmış məktub mübadilələrinə uyğun olaraq, ölkənin demokratik inkişafının müntəzəm şəkildə, zərurət yaranarsa bu məqsədlə təsis edilmiş işçi qrupların köməyi ilə izlənməsi;
2. Azərbaycan hökumətindən bir ay ərzində seçkiləri müşahidə üzrə beynəlxalq missiya tərəfindən ilkin qeyd və yekunlar üzrə bəyanatda edilmiş tənqidlərə cavab məruzəsinin təqdim olunması və qeyd edilən saxtakarlıqlarda düzəlişlərin edilməsinin xahiş edilməsi;
3. Nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının növbəti hissəvi sessiyasından əvvəl keçiriləcək 737-ci (17 yanvar 2001-ci il) iclasına qədər məruzə edəcək monitorinq qrupunun yaradılması;
4. Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və mətbuat haqqında qanunda Avropa Şurası standartlarına uyğun şəkildə islahatların aparılması məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım göstərməyə dəvət edilməsi;
5. Həm Nazirlər Komitəsi, həm də Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə müvafiq olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilməsi.
Günay Elşadqızı \ METBUAT.AZ