Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.

Metbuat.az-ın məlumatına görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov, və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edirlər.

Tədbirdə “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması”, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması”, “Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması və digər məsələlər müzakirə edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov tədbirdə bildirib ki, Azərbaycan Dəmir Yolları tərəfindən Astara stansiyasından Astara çayına kimi yol, Astara çayı üzərində körpü və körpüdən İran Astarasındakı terminala qədər yol çəkilib: “Hər iki stansiyadan qəbul və göndərmə üçün əlavə yollar salınıb, terminalın tikintisi üzərində iş gedir. Stansiyalarda 4 terminalın quraşdırılması nəzərdə tutulub. Bunlar konteynerlər, ümumi yüklər, neft və neft məhsulları və taxıl yüklərindən ibarət terminallar olacaq. İlk terminalın açılışı bu ilin dekabr ayının sonlarına planlaşdırılır və bununla da gələn il üçün yükdaşımaların həcminin 1,5-2 milyon tona çatdırılması nəzərdə tutulur”.

Qeyd edək ki, iki gün davam edəcək tədbirin sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.

Günay Elşadqızı \ METBUAT.AZ