"Putinin bu ideyası bütün dünya üçün sürpriz idi"

"Putinin bu ideyası bütün dünya üçün sürpriz idi"
14:17 7 Aprel 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

"Nursultan Nazarbayevin Qazaxıstanda prezident seçilməsinə təsir etmək valyuta ittifaqı ideyasının ilk təyinatıdır. Sonradan bu ittifaq bütün MDB dövlətlərinə də şamil edilə bilər".

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Politoloqun sözlərinə görə, Qazaxıstan prezidenti N.Nazarbayev üçün mürəkkəb dövr başlandığını ehtimal etmək olar: “Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Qazaxıstanın iqtisadiyyatına ciddi təsir edir. Milli valyuta olan tengeni xeyli zəiflədib. Əksər ekspertlər təcili devalvasiyanı məqsədəuyğun hesab edirlər. Belə bir vaxtda Nazarbayev növbədənkənar prezident seçkilərinə getdi. Bunu Rusiya üçün sürpriz adlandırmaq olardı. Amma görünür, Rusiya bunu başa düşüb. Prezident Vladimir Putin AİB-in sammitində iştirak məqsədilə Qazaxıstana gəldi. AİB-in Qazaxıstan sammitinin təyin olunmasına da ciddi ehtiyac yox idi. Görünür, Putin bəzi zəruri bəyanatları vermək üçün AİB-in sammitini Qazaxıstana saldı”.

M.Əhmədoğlunun fikrincə, bu kontekstdə 4 parametr diqqəti çəkir: “Birincisi, Putin və Belarus prezidenti Aleksanr Lukaşenko “Normand dördlüyü” görüşünün Qazaxıstanda keçirilməməsinin acısını yumşaltmaq məqsədilə N.Nazarbayevə təsəlli vermək üçün səfər etmişdilər. İkincisi, Putin Qazaxıstan və Belarusun iştirakı ilə valyuta ittifaqının yaradılmasını gündəliyə gətirdi. Onun bu ideyası bütün dünya üçün sürpriz idi. Çünki Rusiyanın iqtisadi və siyasi vəziyyəti valyuta ittifaqı yaratmağa imkan vermir. Üçüncüsü, Putin prezident seçkilərində N.Nazarbayevə uğur arzuladı. Dördüncüsü, Ukrayna hadisələri müzakirə olunan zaman Nazarbayev əvvəlki mövqeyini bir daha təkrarladı. Ukrayna hadisələri hamı tərəfindən tanınmış beynəlxalq hüquq normaları əsasında tənzimlənməlidir. Bu, Nazarbayevin Ukraynanın ərazi bütövlüyünə dəstəyi idi. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, Putin Nazarbayevin prezident seçilməsinə maneçilik törətmir, onun beynəlxalq təşəbbüslərinə dözür, əvəzində Nazarbayev AİB-in valyuta ittifaqına çevrilməsi razılığını verir.

Nazarbayev bir az əvvəl bəyan etmişdi ki, vahid valyutadan söhbət gedə bilməz, eləcə də AİB Qazaxıstanın dövlət müstəqilliyinə təhlükə yaradacağı təqdirdə Qazaxıstan bu qurumu tərk edəcək. Nazarbayevin vəziyyətini mürəkkəbləşdirən ən əsas parametr Qərbin Ukraynadakı uğursuz siyasətidir. Eləcə də Qərbin Nazarbayevin təkliflərini nəzərə almamasıdır. Nazarbayev Fransa və Almaniya səfirliklərinin regional məsələlər üzrə birgə konfransını təklif etmişdi. Bu tədbirdə Fransa və Almaniyanın xarici işlər nazirləri də iştirak etməli idi. Amma Lozannada İranla əlaqəli danışıqların gərgin şəraitdə keçməsi Almaniya və Fransa xarici işlər nazirlərinin həmin tədbirdə iştirakına imkan vermədi.

Eləcə də ABŞ-ın Qazaxıstandakı səfiri C.Krol 2 diqqət çəkən bəyanatla çıxış etdi. Birincisi, o, Qazaxıstandakı prezident seçkiləri zamanı hakimiyyətin Nazarbayevdən növbəti başçıya ötürülməsinin dinc yolla baş tutmasını arzuladı. İkincisi o, Qazaxıstanın AİB üzvlüyünə ABŞ-ın sakit yanaşdığını bildirdi. Hər iki bəyanat Nazarbayevin müstəqil Qazaxıstanın idarəçilik prizmasından o qədər də uğurlu görünmür. C.Krol ABŞ-ın “məxməri inqilab”lara aidiyyətinin olmadığını bildirdi. Guya “məxməri inqilab” baş vermiş dövlətlər özləri “məxməri inqilab” istəyirlər”.

Mərkəzin direktoru hesab edir ki, yaranmış vəziyyət prezident N.Nazarbayevin müdrikliyini bir daha sübut edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR