Rusiya rəsmən açıqladı - Soçi görüşündə qərar veriləcək

Vətəndaş müharibəsinin yaşandığı Suriyada atəşkəs elan edən Türkiyə, Rusiya və İran vacib qərar vermək üçün çərşənbə günü yenidən bir araya gələcək.

Metbuat.az-ın məlumatına görə, Türkiyə, Rusiya və İran liderləri - Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin müzakirə aparacağı görüşdə Moskva rəhbərliyinin liderlik etdiyi Suriya Milli Konqresinə kimlərin qatılacağı ilə bağlı qərar veriləcək.

Soçidə liderlərin son sözü söyləyəcəyini vurğulayan Rusiya xarici işlər naziri Sergey Lavrov, “Biz, təkliflərimizi hazırladıq. Bunları çərşənbə günü üç ölkənin liderlərinə təqdim edəcəyik. Onlar bu təkliflərlə bağlı qərar verəcək” deyib.

Lavrov qeyd edib ki, konfransa dəvət ediləcək suriyalılar, Suriya cəmiyyətinin bütün təbəqələrini maksimum səviyyədə təmsil etməlidir: “Bu mövzuda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən, Cenevrə müzakirələrində bir neçə dəfə təsdiqlənən və Astanada qəbul edilən sənədlərə daxil edilən qərarlara görə hərəkət edirik. Bütün bu qərarlar, hökumət nümayəndələrinin və geniş müxalifət nümayəndə heyətinin iştirakı ilə xüsusi dialoqun qurulmasını nəzərdə tutur”.

Qeyd edək ki, Rusiyanın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-ni konqresə dəvət etməsi Ankaranın sərt reaksiyanı səbəb olduğu üçün, Moskva 18 noyabra nəzərdə tutulan tədbiri təxirə salmışdı.

Prezident Ərdoğan cümə günü YPG-nin olduğu masada Türkiyənin heç vaxt olmayacağını açıqlayıb: “Türkiyə olaraq biz, qətiliklə terror təşkilatlarının olduğu masada olmarıq. Bu, Cenevrə üçün də etibarlıdır, Astana üçün də. Bu iclaslara terror təşkilatının qatılmasını qəbul edə bilmərik. Bu səbəbdən hansı masada terror təşkilatı olacaqsa, heç kim bizim orada olmağımızı gözləməsin”.

Noyabrın 13-də Rusiya lideri Putinlə görüşən Ərdoğan, Suriyadakı siyasi həll mövzusunda razılaşdıqlarını açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ

Xarici işlər nazirlərinin görüşü olacaq - Bakıda

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR