“Ərdoğana zəmanət verdim”

NATO-nun baş katibi Cens Stoltenberq Alyansın təlimləri zaman baş verən qalmaqaldan danışıb.

Metbuat.az-ın məlumatına görə, Stoltenberq deyib: “Hörmətli Ərdoğandan telefonda üzr istəmişəm. Bu hadisə tək bir adamın hərəkətlərindən qaynaqlanır və NATO-nun fikirlərini əks etdirmir. Dərhal hərəkətə keçmişik. İstintaq davam edir. Bir daha belə hadisənin yaşanmayacağı və səbəbkarların cəzalandırılması məsələsində cənab Ərdoğana zəmanət verdim”.

Stoltenberq bildirib ki, hadisəyə səbəb olan şəxs NATO-nun işçisi deyil və Norveç tərəfindən vəzifəyə götürülən şəxs olub. Kürd əsilli şəxs işdən çıxarılıb.

Qeyd edək ki, Norveçin müdafiə naziri Frank Bakke-Jensen də bir neçə gün öncə bildirib ki, baş verən hadisə ölkəsinin fikir və siyasətini əks etdirmir. O, nazirliyin saytına açıqlamasında Türkiyədən üzr istəyib: “Türkiyə əhəmiyyətli NATO müttəfiqidir və yaxın iş birliyimizə dəyər veririk”.

Qeyd edək ki, NATO-nun Norveçdə təşkil etdiyi "Trident Javelin-2017" təlimlərində Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün şəkli düşmən liderlər arasında yer alıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın isə adına saxta profil açılıb və o, düşmənlə əməkdaşlıq edən lider kimi göstərilib. NATO-nun təlim mərkəzində Atatürkün və Ərdoğanın şəkilləri atəş üçün hədəf kimi seçilib. Hadisənin üzə çıxmasından sonra NATO və Norveç Türkiyədən üzr istəyib. Türkiyə isə NATO-nun Norveçdəki mərkəzi komandanlığındakı 40 hərbçisini təlimlərdən geri çağırıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR