Xaçmaz rayonu, Hacıbəyli kəndində yaşayan Tarıverdiyevlər ailəsi yardımsevər insanlardan kömək gözləyir.
Xeyli müddətdir ki, 4 nəfərlik bu ailənin 3 üzvü, ana və 2 övladı imkansızlıq ucbatından düçar olduqları xəstəliklərdən qurtula bilmirlər. Müalicə üçün imkanları olmayan bu ailənin üzvlərinin vəziyyəti getdikcə pisləşir. 9 yaşlı Taleh və 13 yaşlı Nicat xəstəlikləri səbəbindən tez-tez dərslərini buraxmağa başlayıblar. Çünki xəstəlikləri getdikcə ağırlaşır. Bu üzdən çox zaman halsız vəziyyətdə evdə qalmaq məcburiyyətində olurlar.
Ailənin xanımı 1982-ci il təvəllüdlü Aytən Tariverdiyeva isə övladlarının bu halına ancaq acıya bilir. Özündə də yaranmış xəstəlik ona heç övladlarına normal qulluq da etməyə imkan vermir.
Ailənin ilk övladı olan Nicatın böyrəyində problem var. İkinci övlad olan Talehin də taleyi heç də yaxşı gətirməyib. O, uşaq nevrozu, qıcolma xəstəliyi ilə üz-üzədir, beynində şiş əmələ gəlib. Bu üzdən tez-tez özündən gedir. Həkimlər nə qədər ki, gec deyil uşaqların əməliyyatsız müalicə oluna biləcəyini deyir.
Ana – Aytən xanım isə 2011-ci ildən qalxanabənzər vəzin fəaliyyətinin pozulması-zob xəstəliyindən əziyyət çəkir. Vəziyyəti getdikcə ağırlaşır. Həkimlər ananın tezliklə əməliyyat olunmasının vacibliyini vurğulayır. Əks halda gec ola bilər.
Ailənin başçısı Tural Tarıverdiyev indiyə qədər evində nə olubsa sataraq ailəsini mülicə etdirdiyini, ancaq indi heç nəyinin qalmadığını deyir. Tural çarəsiz vəziyyətdə indi həyat yoldaşının və iki övladının vəziyyətinin günü-gündən necə pisləşdiyini seyr etmək məcburiyyətində qalıb.
Ailənin ümidi xeyirxah və yerdımsevər insanlaradır. Ailənin üzləşdiyi bu durumdan yalnız və yalnız “999” qısa nömrəsinə göndərilən 1 sms və ya edilən 1 zəng xilas edə bilər.