Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə elmi simpozium keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan və bu uğurların, eləcə də Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzün Almaniya ictimaiyyətinə tanıtdırılması üçün bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.

Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə 2017-ci ildə ölkəmiz tərəfindən bir sıra tədbir və layihələrin həyata keçirildiyini qeyd edib. Səfir iki ölkə arasındakı münasibətlərin bugünkü vəziyyətini xülasə edərək, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığı vurğulayıb. Ramin Həsənov həmçinin Azərbaycan üçün dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin əhəmiyyətini vurğulayıb və bildirib ki, status-kvonun saxlanılması yolverilməzdir. Alman diplomat ölkəsinin gələcəkdə də Minsk Qrupunun üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışacağını bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın öz tərəfdaşlarından ərazi bütövlüyünə birmənalı dəstək gözlədiyini bildirib.

Günay Elşadqızı / METBUAT.AZ

“Xocalı soyqırımı Çexiya parlamentinin qərarında əksini tapıb” - SƏFİRLƏ MÜSAHİBƏ