Mərkəzi Asiya: geosiyasi dinamika və risklər

Mərkəzi Asiya: geosiyasi dinamika və risklər
20:05 9 Yanvar 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

Böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi dünyanın müxtəlif regionlarında gərgin vəziyyətin yaranmasına səbəb olur. Mərkəzi Asiya bu bağlılıqda istisna deyil. Burada uzun müddətdir ki, Rusiya, Çin, ABŞ və Aİ arasında geosiyasi savaş müşahidə olunur. Hazırda regionun əhəmiyyəti daha da artıb. Bunun səbəbləri sırasında qlobal geosiyasətdə cərəyan edən mürəkkəb prosesləri və enerji faktorunu göstərmək olar. Çinin həmin bölgəyə sürətlə nüfuz etməsi fonunda digər böyük güclər də addımlar atmaqdadırlar. Mövcud vəziyyətdə region dövlətləri arasında ixtilafların güclənməsi riskini də nəzərə almaq gərəkdir. Bunlar Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin yeni səviyyəyə yüksəldiyini göstərir.

Rəqabətin kəskinliyi: güzəştsiz mübarizə

ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatları davam etdirmək qərarına gəlməsindən sonra Mərkəzi Asiya regionunun qlobal geosiyasət üçün aktuallığı yeni səviyyəyə yüksəldi. Əslində, bu bölgə daim dünyanın böyük dövlətlərinin nüfuz uğrunda mübarizə məkanı olub. Hazırda həmin regionla əlaqədar mürəkkəb vəziyyətin yaranması məsələyə xüsusi məzmun verir. Burada ABŞ-dan əlavə bir neçə başqa geosiyasi oyunçuları da nəzərə almaq lazım gəlir.

İlk olaraq Çinin regional rolunun gücləndiyini vurğulamaq gərəkdir. Pekin başqa böyük dövlətlərdən fərqli olaraq, Mərkəzi Asiya ölkələrinə enerji, iqtisadiyyat, maliyyə və mədəniyyət vasitəsilə nüfuz etməyə üstünlük verdi. Qısa müddət ərzində Çin həmin bölgəyə milyardlarla ABŞ dolları həcmində sərmayə yatırdı. Çin dilini indi regionun bütün ölkələrində öyrənirlər. Mütəxəssislərin rəyinə görə, burada Çinin nüfuzu Türkiyə və İran kimi müsəlman ölkələrinin ənənəvi nüfuzundan belə yüksəkdir.

Pekin üçün enerji nəqli məsələsi prinsipial əhəmiyyət daşıyır. Hazırda Mərkəzi Asiyadan bu ölkəyə qaz boru xətləri işləyir. Yeni enerji nəqli marşrutlarının çəkilməsi istiqamətində addımlar atılır. Bunlardan başqa, Çin şirkətləri bölgə dövlətlərində yeni iş yerləri açırlar ki, burada da əsasən çinlilər çalışırlar. Son zamanlar bölgə dövlətləri daha çox yerli işçilərin işlə təmin edilməsi tələbini irəli sürməkdədirlər. Bununla belə, bu, Pekinin regionda açdığı müəssisələrdə çin dilinin statusunu aşağı salmır.

Bunlarla yanaşı, rəsmi Pekini Mərkəzi Asiyada narahat edən problemlər də mövcuddur. İlk növbədə Çini dini radikalizm təhdid edir. Təcrübə göstərir ki, bu ölkədə yaşayan müsəlmanlara qonşu regiondakı ölkələrdən radikal qruplar qoşulur ki, bu da müəyyən vaxtlarda Çinin bir sıra əyalətlərində terror hadisələrinin törədilməsinə səbəb olur. Hazırda bu təhlükə iki faktora görə daha da artıb.

Birincisi, ABŞ Əfqanıstandan qoşunlarını çəkməyi təxirə saldı. Bu, Vaşinqtonun həmin əraziyə və ona yaxın olan məkanlardakı radikal qruplara təsir etmək imkanlarının qalması deməkdir. Mümkündür ki, Amerika öz maraqları naminə Çinə qarşı həmin qruplardan istifadə etsin. "Əl-Qaidə"nin ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqəsinin olması barədə yayılan informasiyalar bu fikrin əsassız olmadığını göstərir.

İkincisi, İŞİD faktoru getdikcə daha ciddi məzmun alır. Bu təşkilatın əlinin hətta Avstraliyaya qədər uzandığı təsdiq olundu. Şübhəsiz ki, İŞİD Mərkəzi Asiyadakı müsəlmanlara təsir göstərir. Bu isə gələcəkdə Pekin üçün böyük təhlükələr yarada bilər. Çinin həmin region istiqamətindəki siyasətində bu məqamları nəzərə alması mümkündür.

Məsələnin digər tərəfi Mərkəzi Asiyada Rusiya, ABŞ və Aİ-nin maraqları ilə Çinin niyyətləri arasında müəyyən ziddiyyətlərin olmasına bağlıdır. Moskva Pekinlə hər nə qədər yaxın münasibət qursa da, bəzi geosiyasi məqamlar onlar arasında fikir ayrılığına səbəb olur. Məsələn, regionun təhlükəsizliyinin təminində əsas rol oynamaq və enerji sahəsində əməkdaşlıqda aparıcı olmaq aspektlərində Rusiya ilə Çinin mövqeləri fərqlidir. Mütəxəssislər hesab edirlər ki, Pekin Moskvanı özündən maliyyə asılılığına salmaq istəyir.

Çin son dövrlərdə Rusiyanın Avrasiya inteqrasiyası istiqamətində atdığı addımları da diqqətlə izləyir. Təbii ki, Pekin bu məsələdə Kremlin müəyyən həddə qədər uğur qazanmasını istərdi. Bu, Qərbin təzyiqlərinə qarşı birgə tab gətirməklə məhdudlaşmalıdır. Liderliyə gəldikdə isə Çin Rusiyanı özünə rəqib etmək fikrindən uzaqdır. Görünür, problemin bu aspekti hələ uzun müddət tərəflər arasında mübarizə obyekti olacaqdır.

Liderlik iddiaları və regiondaxili ziddiyyətlər: qeyri-müəyyənlik artır

ABŞ-la Aİ-nin həmin regionda geosiyasi maraqlarının olduğu məlumdur. Burada təhlükəsizlik və iqtisadi sahədə liderlik faktorları ön sıraya çıxarılıb. Vaşinqtonun həyata keçirdiyi iqtisadi və hərbi proqramlar göstərir ki, onun niyyətləri çox ciddidir. Belə ki, ABŞ hazırda hərbi gücünü daha çox Asiya-Sakit okean hövzəsində cəmləşdirir. Onun Əfqanıstanda da öz qoşunlarını saxlaması bu kontekstdə ayrıca məna kəsb edir. Çin faktiki olaraq ABŞ hərbi qüvvələri tərəfindən sudan və qurudan mühasirəyə alınmış olur.

Bu proses Yaponiya, Vyetnam, Sinqapur, Tayvan, Cənubi Koreya kimi region dövlətləri ilə Çin arasında ixtilafların yaranması ilə müşayiət olunur. Deməli, Mərkəzi Asiya regionu Vaşinqton üçün daha əhəmiyyətli geosiyasi məkan statusunu ala bilər və çox güman ki, həmin istiqamətdə Amerika inadla hərəkət edəcəkdir.

Avropa İttifaqı həmin regionda öz varlığını ABŞ qədər geniş və dərin miqyasda nümayiş etdirə bilmir. Lakin bu təşkilatın Mərkəzi Asiyaya ikinci dərəcəli məkan kimi yanaşmaq niyyətində olduğunu demək çətindir. Brüssel burada öz mövcudluğunu hələlik daha çox Vaşinqtonun liderliyi ilə təmin etməyə çalışır. Ehtimal ki, yaxın perspektivdə enerji faktoru onu fəallığını artırmağa məcbur edəcək. Xüsusilə Ukrayna böhranı fonunda neftin qiymətinin düşməsi, Yaxın Şərqdə terror dalğasının yenidən vüsət alması vəziyyətin dəyişdiyini ifadə edir.

Bütün bunlardan Brüssel nəticə çıxarmağa məhkumdur. Bu səbəbdən də o, çox güman ki, Mərkəzi Asiyanın enerji ehtiyatlarından istifadəyə daha çox maraq göstərəcəkdir. Burada müəyyən radikal qrupların Avropaya sızma ehtimalını da unutmaq olmaz. Şübhə yoxdur ki, ABŞ və Aİ bu problemin həllinə çalışacaqlar. Amma onun necə həyata keçiriləcəyini zaman göstərəcək.

Nəhayət, Mərkəzi Asiya faktoruna postsovet məkanı uğrunda Rusiya ilə Qərb arasında artıq daha da kəskinləşmiş mübarizə müstəvisində nəzər salmağa ehtiyac vardır. Ukrayna məsələsi bu prosesə xüsusi gərginlik verdi. Hazırda Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərbələr vurur. Rubl dəyərdən düşür. Belə vəziyyətdə ABŞ-ın Mərkəzi Asiyada mövqeyinin möhkəmlənməsi ehtimalının az olmadığını demək olar. Çünki Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər Moskvanın postsovet məkanı ölkələrində nüfuzuna mənfi təsir edir. Avrasiya İttifaqına daxil olan ölkələr özlərini təhlükəsizlikdə hiss edə bilmədiklərindən daha güclünün yanında olmaq qərarına gələ bilərlər. Bu baxımdan Mərkəzi Asiya dövlətləri yeni tərəfdaşlar axtarmağa çalışarlar.

Bütün bu mürəkkəb geosiyasi məqamlar regionun daxili ziddiyyətləri kontekstində kifayət qədər riskli görünür. Məsələ burasındadır ki, hələ sovetlər dövründə bu bölgənin inzibati-ərazi bölgüsündə saxtalığa yol verilib. Nəticədə, burada etnik xarakterli münaqişələr üçün zəmin yaradılıb. Bunun bir nümunəsi Qırğızıstanda özbəklərlə qırğızlar arasında baş vermiş toqquşmalardır.

Bunlardan əlavə, içməli su məsələsi ilə bağlı ixtilaflar da var. Özbəkistanla Tacikistan arasında bu problem hələ də öz kəskinliyini saxlamaqdadır. Mütəxəssislərin fikrinə görə, yaxın perspektivdə onu aradan qaldırmaq xeyli çətindir. Hətta məsələnin daha da aktuallaşması bu münaqişəni şiddətləndirə bilər.

Yuxarıda aparılan təhlil belə nəticə çıxarmağa əsas verir ki, Mərkəzi Asiya hazırda böyük geosiyasi güclərin kəskin mübarizə məkanına çevrilib. Tədricən onun şiddətlənməsi mümkündür. Burada böyük dövlətlərin bir-birinə güzəştə getmək istəməməsi yaranmış vəziyyətə xüsusi məzmun verir. Onu da nəzərə almaq lazımdır ki, Asiya getdikcə daha böyük miqyasda qlobal geosiyasətin təsiri altına düşür. Bu məkanda dünyanın taleyini həll edə biləcək proseslər gedir. Çinin məhz həmin regionda yerləşməsi və onun Amerikanın əsas rəqibinə çevrilməsi Mərkəzi Asiyanın əhəmiyyətini daha da artırır.

Bunların fonunda Mərkəzi Asiyaya yaxın regionlarda cərəyan edən geosiyasi proseslərdə risk faktoru arta bilər. Qeyri-müəyyənliyin bu cür məzmun kəsb etməsi qarşısıalınmaz və gözlənilməz hadisələrə təkan verər. Bu məqamın böyük dövlətlər tərəfindən diqqətə alınması müsbət hal olardı. Ancaq hələlik bunun əlamətləri gözə çarpmır.

Newtimes.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR