Qarabağ kətəsinin hazırlanması

Azərbaycan milli mətbəxinə məxsus şirniyyatlardan biri Qarabağ kətəsidir.

Metbuat.az şirniyyatın hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:
1,5 x/q quru maya
0,5 l su
1 stəkan duru yağ
6 x/q şəkər tozu
2 ədəd yumurta
1 kq un
1 ç/q duz

İçlik üçün:
2 stəkan un
150 qr şəkər pudrası
150 qr kərə yağı
1 paket vanil

Üzəri üçün:
1 yumurta
1 x/q süd
Küncüt

Hazırlanmasına gəldikdə, əvvəlcə içliyi hazırlayın. Bir qaba un, şəkər pudrası, kub formasında kəsilmiş yağ və vanil əlavə edib qarışdırın.

Xəmir üçün: unu bir qaba ələyib, duz səpin, ortasını açıb, şəkər tozu ilə qarışdırılmış maya tökün. İlıq su və un əlavə edib qarışdırın. Hazır olan xəmiri kənara qoyub saxlayın. Maya gəldikdən sonra yoğurma mərhələsinə keçmək olar.

Başqa qabda isə şəkər tozu, yağ və yumurtanı çalın. Daha sonra qarışığa un əlavə edib qarışdırın. Sonra masanın üzərinə un töküb xəmiri yoğurmağa davam edin. Hazır xəmir elastik olmalı, ələ yapışmamalıdır. Xəmiri qaba qoyub üzərinə bitki yağı vurun. Üzərini plastik qapaqla örtüb 1-1,5 saat müddətinə isti yerdə saxlayın.

Xəmirdən kündələr hazırlayıb yuxa açın.

Qeyd edək ki, yuxaların ortası qalın, kənarları isə incə olmalıdır. Yuxaların içərisinə 2 x/q içlikdən qoyun. Yuxanın kənarlarını mərkəzə doğru bükün. Ona yuvarlaq forma verib, bükülü hissəsini aşağıya doğru çevirin.

Qarabağ kətəsi xəmirinin üstünü bir neçə yerdən çəngəllə dəlin ki, içərisində hava qalmasın. Sonra kətəni oxlovla bir istiqamətdə ehtiyatla yayın. Yenə üzərini çəngəllə bir neçə yerdən dəlin.

Soba sinisinə kətələri məsafəli şəkildə qoyun, dəsmalla üzərlərini örtüb 15 dəqiqə kənarda saxlayın.
Yumurtanı südlə qarışdırıb kətənin üstünə çəkin. Zövqə görə küncüt vurub əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Soyuq havaların yeməyi - Xaş resepti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)