"Bu, sülh prosesini və ortaq yaşamaq fikrini yox etdi"

Xəbər verdiyimiz kimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə iclası keçirilir.

Metbuat.az-ın məlumatına görə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının açılış nitqində danışan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-ın ötən həftə Qüdslə bağlı verdiyi qərar insanlıq vicdanını dərindən yaralayıb. Çavuşoğlu, bu addımın məqsədinin işğal cəhdini qanuniləşdirmək olduğunu deyib.

XİN rəhbərinin sözlərinə görə, İslam aləminin buna səssiz qalacağını güman edirlər: “Amma biz heç zaman susmayacağıq. Bu, sülh prosesini və ortaq yaşamaq fikrini yox etdi. ABŞ-ın verdiyi qərar bizim üçün yox hökmündədir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya, “Gəlin üç səmavi dinin müqəddəs məkanı olan Qüdsə sahib çıxaq” çağırışını təkrarlayan Çavuşoğlu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvünün altında öz imzası olan qərarları pozacaq addımlar atdığını qeyd edib.

Çavuşoğlu, Fələstin dövlətinin bütün digər dövlətlər tərəfindən tanınması lazım olduğunu vurğulayıb: “Bunun üçün hamımız birlikdə çalışmalıyıq. Bir tərəfdə işğalçı mövqeyində olduğu BMT qərarlarıyla isbat edilən İsrail var, digər tərəfdə isə işğal altında olduğu beynəlxalq cəmiyyət tərəfindən qəbul edilən, xüsusilə də hər keçən gün daha çox torpağı qəsb edilən Fələstin var. Fələstin dövlətinin hazırki məqamda sülh prosesinə qoşulması mümkün deyil. Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan bizlər, digər ölkələri Fələstin dövlətini 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olmaqla tanımağa təşviq etməliyik”.

İƏT və digər əlaqədar təşkilatların dəstəyinin əhəmiyyətinə diqqət çəkən Çavuşoğlu, “Qüdsün müqəddəsliyinə və tarixi statusuna əl uzadılmasına əsla icazə verməyəcəyik” deyib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iclasda iştirak edir. Daha sonra isə İƏT-ə üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

Günay Elşadqızı / METBUAT.AZ

İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası – Qüds məsələsi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR