Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov “Etihad Airways” şirkətinin vitse-prezidenti Amer Xanı səfirlikdə qəbul edib.
Metbuat.az-ın məlumatına görə, Amer Xan əsasən uzun məsafəli uçuşlara üstünlük verən “Etihad” Hava Yollarının 2018-ci ilin mart ayının 2-dən etibarən Abu Dabi-Bakı reysinin açılması barədə qərarının səfirliyin təşəbbüsü və çoxsaylı səyləri nəticəsində mümkün olduğunu bir daha diqqətə çatdırıb.
Səfir qeyd olunan reysin açılması ilə bağlı görülən işlər və keçirilən görüşlər, şirkətin öncələr bu istiqamətdə maraqlı olmadığı barədə məlumat verib, nəhayət ki, artıq həyata keçiriləcək reyslərin cəlbediciliyinin artırılması barədə müzakirələr aparılmasının çox sevindirici hadisə olduğunu diqqətə çatdırıb.
O, görüşdən bir gün öncə səfirliyin məsul əməkdaşının şirkətin hökumət qurumları ilə iş üzrə nümayəndəsi ilə görüşdüyünü, “Etihad” Hava Yollarının Bakıya uçuşları ilə bağlı səfirliyin göstərə biləcəyi konsulluq və digər məsələlər üzrə dəstək barədə müzakirə apardığını bildirib.
Görüşdə Abu Dabi-Bakı reyslərinin açılması ilə bağlı əlavə tədbirlər, ilk reysin həyata keçiriləcəyi gün Abu Dabi və Bakıda keçiriləcək mərasimlər və bununla əlaqədar digər məsələlər müzakirə olunub.
“Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır” - Səfirlə müsahibə