Noyabrın 1-dək olan vəziyyətə əsasən banklardakı əmanətlərin 25,5%-i manatda, 74,5%-i xarici valyutada olub.
Bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
“Manatla qoyulan əmanətlərin sayında artım olsa da, xarici valyutada dollarda saxlanılan əmanətlərin payı çoxdur”.
Bunu Metbuat.az-a açıqlaması zamanı iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2017-ci ildə manatın stabil qalması milli valyutada saxlanılan əmanətlərin sayının artmasına səbəb olub:
“2017-ci ilin əvvəlində saxlanılan əmanətlər 1 milyard 452 milyon manat idisə, 2017-ci ilin noyabr ayında bu rəqəm 2 milyard 189 milyon manata çatıb. Yalnız 2017-ci ilin 10 ayında kommersiya banklarındakı manatla əmanətlərin həcmi 737 milyon manat artıb. Xarici valyutada olan əmanətlərin payında azalamlar var. İlin əvvəlində xarici valyutada olan əmanətlər 6 milyard 294 milyon manat idi. 10 ayın yekunlarında bu rəqəm 5 milyard 90 milyon manata qədər azalıb. Xarici valyutada olan əmanətlərin payında 1 milyard 204 milyon manat azalma müşahidə edilir. Azalmanın baş verməsi manatla olan əmanətlərin daha çox faizinin ödənilməsi ilə bağlı idi. Bildiyiniz kimi, manatla olan əmanətlərdə faiz 15, xarici valyutada isə 3-dür. Bu da manatla olan əmanətlərə marağı artırıb. Növbəti dövrdə bu rəqəmlər manatın satbil qalmasından asılı olacaq. Düşünürəm ki, burada Mərkəzi Bankın mövqeyi önəmlidir. Mərkəzi Bank 2018-2019-cu illərdə manatın məzənnəsinin necə dəyişəcəyini rəsmi olaraq elan etsə, vətəndaşlar əmanətlərini manatda, yaxud dollarda saxlayacaqlarını qərar verəcəklər. Manatla əmanətlərin sayının artırılmasını istəyiriksə, manatın məzənnəsini növbəti illərdə necə dəyişiləcəyi ilə bağlı vətəndaşların məlumatlandırımasına ehtiyac var”.
Xəyalə Məmmədova / Metbuat.az
Azərbaycanda neçə gün iş olmayacağı – AÇIQLANDI – Oxumaq üçün tıklayın!