Şimali və Cənubi Koreya, təxminən iki illik fasilədən sonra eyni masaya əyləşib və yüksək səviyyəli danışıqlar başlayıb.
Metbuat.az-ın məlumatına görə, Şimali Koreyanın beş üzvü olan nümayəndə heyətinin rəhbəri, görüşlərin müsbət keçəcəyini gözlədiklərini deyib. Cənubi Koreya da eyni istiqamətdə açıqlama verib. Danışıqlar iki ölkə arasında sərhəd olan, əsgərlərdən təmizlənən Panmunjom kəndində baş tutub. İki ölkə arasında atəşkəs razılaşması 1953-cü ildə bu kənddə imzalanıb.
Bu gün iki ölkə arasında başlayan görüş, 2015-ci ilin dekabrından etibarən Cənubi Koreya ilə Şimali Koreya arasında ilk yüksək səviyyəli görüşdür. Dialoq prosesi Şimali Koreya lideri Kim Çen Inın gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarına heyət göndərə biləcəyi Yeni il mesajı ilə başlayıb. Vaşinqton Şimali və Cənubi Koreyanın yaxınlaşmasından məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, Avropa Birliyi Seul və Pxenyan arasındakı danışıqların başlamasından bir qədər əvvəl Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Günay Elşadqızı / METBUAT.AZ