“Ermənilər Metsamordan özlərini qoruyan silah kimi istifadə edirlər” – Zahid Oruc

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Nezavisimaya qazetaya”da məlumat yayılıb və bildirib ki, ittifaq beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir. Qəzetin yazdığına görə, Brüssel bunun qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi Yerevandan infrastrukturda islahat aparılması tələb olunur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Metsamor Atom Elektrik Stansiyası Sovet dövrünün məhsuludur və onun ətrafında hansısa rekonstruksiya işləri aparılsa da bu regionda baş verən tektonik hadisələr bölgənin həyatını təhlükə altında qoya bilər: “Sözügedən stansiya ətrafında uzun illər Rusiyanın mütəxəssisləri fəaliyyət aparırlar. Reallıqda Ermənistan bu mühüm obyekti başqa bir dövlət qarşısında təslim etməli olub. Əks halda strateji resurslarını qorumaq ümumiyyətlə ermənilərin gücü daxilində deyil. Əslində Metsamor bir stansiya olaraq istilik məqsədli və yaxud digər ehtiyacları deyil, silah kimi ermənilərin nəzərində resursa çevrilib. Yəni onlar sanki bununla bölgəni təhdid edirlər. “Əlində bomba tutmuş meymun” sözü var, bu, dünyada məşhur bir terminə çevrilib. Bunu əsasən ona görə deyirlər ki, cihadçı qüvvələrdən, ayrı-ayrı kamikadzelərdən bu cür istifadə edirlər. Ermənilər də təxminən belə duruma gəlib çatıblar. Avropa Birliyi dediyiniz məsələ ilə bağlı uzun müddətdən bəri milyonlarla vəsait xərcləyir. Çalışır ki, “Şərq Tərəfdaşlığı” paketində bu dövlətləri qazansın. Realdır ki, 6 keçmiş postsovet ölkəsinin onların qütbünə daxil edilməsi yönündə amansız çarpışma gedir. Hətta son dövrlər Avropa mediasında bu fəaliyyəti yeni “Marşal planı” da adlandırırlar. Ermənistan da həmin söhbətdə yer alır.

Qərb istəyir ki, bölgədə rahat nəfəs alsın. Yəni bir tərəfdən müharibəni kənara qoya bilsinlər, bu biri yandan da bu regionda təhlükəsizliyə istənilən halda zərbə vuracaq problemlərdən də yaxa qurtarsınlar. Ermənilər bizi, ölkəmizi hədələyərkən neft höfzəsi, əsas strateji obyektlər, Mingəçevir Su Elektrik Stansiyası ilə qorxudurlar və bilirsiniz ki, orada su axarını yaratmaq və anbarı qorumaq üçün o qədər böyük bəndlərdən istifadə olunub ki, həqiqətən də 7-8 rayon təhlükə qarşısında qala bilər. Lakin siz Azərbaycanın rəsmi dairələrindən heç zaman o mövqeni eşitməmisiz ki, bizdəki raketlərin hədəfləri Ermənistanın qeyd etdiyimiz obyektlərinə yönəlib. Zəlzələ Spitakda olmuşdu, baxmayaraq ki, ərazilərinin mühüm hissəsi dağlıqdır, ancaq bununla belə bizə bəllidir ki, bu təhlükələr mövcuddur. Sovet dövründə qurulsa da yeniləmə aparıblar, amma hər an Çernobl Atom Elektrik Stansiyası kimi sıza bilər və həmin zərbələr regionun həyatını zərbə qarşısında qoya bilər. Ona görə də dediyiniz vəsaiti ora qoyurlar, lakin bu sövdələşmə erməni dairələrini razı salmır. Onlar həmin obyektdən yaxa qurtaracaqları təqdirdə özlərini qoruyan silahdan, alətdən, qoruyucu zirehdən uzaqda qalacaqlar və bu onları qorxudur. Elə bilin ermənilər həmin Metsamor AES-ə sarılıblar və bayaq dediyim meymun söhbətini də təhqir mənasında demədim, bir qədər siyasi həyatda olanlar bilirlər ki, bu termin nə deməkdir”.

Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyətini hələ də davam etdirir.

Günay Elşadqızı / METBUAT.AZ

“Hesab edirəm ki, bundan sonra bu məsələlər tez-tez qabardılacaq” – Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı