Hacılar, ay hacılar

Hacılar, ay hacılar
09:49 19 Yanvar 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

Məscidlərin  yanındakı dükanlarda qiymətlər  başqa yerlərə nisbətən bir az da yuxarıdır. Odur, dükançı  ərzaq  məhsullarına əlacsız baxan müştəriləri itəliyib çölə çıxardı: “Çıxın, çıxın cümə namazımın vaxtıdır.  Gedirəm  namazımı qılmağa”.

Namaz, məscid və bahalıq... Qəribə səslənir, elə deyilmi?

 

Mənə elə gəlir ki,  dünyanın ən  təhlükəsiz yeri  məscidlərin yanı olmalıdır, əlacsızlar, kimsəsizlər  ora qaçmalıdır. Ən dar ayaqda: “Ümidlər ölür, inam çökür, qaçın, qaçın məscidlərin yanına” - deyərdim. Amma hanı? Məscidlərin qabağında da  qiymətləri süni şəkildə qaldırıblar.  Barı  heç olmasa,  məscidin həndəvərində qiymətləri aşağa salmırlar. Bilirdim  ki, belə olacaq. Bahalıq özü də  yaşamaq üçün  məscidə sığınacaq.

 

Bu, o zaman oldu ki,   ötən il Həcc ziyarətində  hacılar qaldırıcı kranın yanında nümayişkaranə sürətdə şəkil çəkdirdilər. O qaldırıcı kranın ki, aşıb onların hacı yoldaşlarını öldürmüşdü. Bax, mən onda bildim ki, bahalaşma ən çox məscidlərin yanında olacaq, özü də düz məscidin gözü qabağında. İlahi, məscidlərin düz gözü qabağında  ayrı şeyləri demirəm, ərzaq da bahalaşarmı, yaxud dükanların qapısına “Nisyə mal verilmir, üz vurma” sözləri yazılarmı?  

 

Bilirik ki,  bahalıq  dünyada baş verən iqtisadi böhranın  təzahürüdür. Bu, ayrı, amma bu bahalığın üstə gələn iştahamız dünyanın heç yerində  olmayıb və olmayacaq da. İştaha itiliyi, kəmfürsətlik, dolanışığımızı qovan və  hər dəqiqə onu güdən namərdlikdir. Adları üstünə yazılmasa da,  şəhərimizdə  dükanların çoxu hacı dükanlarıdır. Ola bilsin  ki, onlar hacılıq rütbəsini dükandan qabaq  və ya sonra alıb, fərq eləməz, amma o dükanlardan insaf, mürvət, iman duyğusu hiss olunmur.  Elə bilirdim, hacıların yanında heç kəs üşüməz və ya acından ölməz. Amma sən demə, hacıları bol olan  ölkənin  acları da çox olurmuş.  Mən islamı  yüksək qiymətləndirən bir insanam. Allahı sevən, onun yolunu əziz tutan  söz adamıyam. Həcc ziyarətinə gedənlərə də hörmətim sonsuzdur. Beş-altı dəfə gedənlər imkan versələr, özüm də getmək istəyirəm. Amma qaçıb hacı rütbəsinin altında gizlənənləri görməyə gözüm yox.

 

Bir sözlə, indi  hacıların da  dükanlarında bahalıqdı, mərhəmət yaman üşüyür  buralarda. Hacılar olan yerdə qan tökülməz, hacı olan yerdə adam dilənməz, hacı olan yerdə adam  ac qalmaz. Hanı, Bakı yaman soyuqdur. Lap qabaqlar  adamlar Həccə bir dəfə gedərdilər və mərhəmətləri də çox olardı. İndiki hacıların  bəziləri  ən az beş-altı dəfə həccə gediblər, amma mərhəmətləri Həccə gedə bilməyənlərinki qədər deyil.  İndi prokurorların, polis rəislərinin, şirkət sahiblərinin, icra başçılarının , Milli Məclis üzvlərinin  çoxu hacıdır.   Hacıları çox olan vətən çörək, bahalıq sarıdan əziyyət çəkərmi, ilahi?  Bir dəfə  böyük bir məclisdə  səslənən   dialoq məni  dəhşətə  gətirdi.

- Salam  hacı,

- Hacı, salam

- Hacı, necəsən?

- İnşallah, yaxşıyam.

- Hacı, nə var nə yox?

- Yaxşılıqdır, şükür, inşallah.

- Hacı, işlərin necədir?

- Min şükür, inşallah.

- Hacı, sabahın xeyir?

- Sabahın xeyir, hacı.

- Hacı, niyə görünmürsən?

- İsveçdəydim, təzə gəlmişəm.

- Xoş gördük, Hacı.

- Xoş günün olsun, inşallah.

 

Deməli, 300 adamdan ibarət  olan bu böyük məclisdə hamı hacı idi. Mən tanıdıqlarımı  adı ilə çağıranda xoşları gəlmir, ata-anaların qoyduğu adlara cavab vermirlər, yavaşca əyilib qulağıma deyirlər, mən 3 dəfə Həcc ziyarətində olmuşam. Elə ki, adının qabağına bir “hacı” sözünü qoşub deyirsən, o saat eyni açılır, əhval-ruhiyyəsi yüksəlir. Budur, məclis qurtarır, hacılar zaldan geniş küçəyə çıxırlar. Təsəvür edin, “hacı” kəlməsi göydən qar kimi yağır. Hamı bir-birinə “hacı” deyə-deyə iki-bir, üç-bir  dayanıb  söhbət edirlər. Elə bu anda  dükanların  qarşısındakı elanlar gözümü çəkir: “Nisyə mal verilmir, üz vurmayın”, “Nisyə kontur yoxdur”, “Nisyə ət verilmir”. Hacılar elanları oxuyurlar,  o saat üzlərini yana çevirib bir-birinə deyirlər.

 

- Hacı, Allah qoysa, Moskvaya nə vaxt uçursan?

- İnşallah, hacı gələn həftənin birinci günü, Allah qoysa.

- Allah qoysa, ikinci gün də mən gedirəm Fransaya, inşallah.

- Hacı, inşallah,  Fransaya xeyirdimi?

- İnşallah, xeyirdir, hacı, bir hacı qardaşımız var orda, deyir gəl, ürəyim səni istəyir. Ticarətlə məşğuldur, inşallah.

- Allah işini avad  eləsin, hacı, inşallah.

- Səninkini də, hacı, inşallah.

- İnşallah.

- Maşallah.

- İnşallah.

- Maşallah.

 

İndi də “inşallah, maşallah” sözləri  sürətlə    başlardan bir az yuxarı dövr eləyib aşağı düşürdü. Deyirəm, bəlkə də dünyada “ş” və  “c”  səslərindən  xoşbəxt  hərf yoxdur. Çünki bu səslər “maşallah, inşallah, hacı” sözlərinin ortasında elə şövqlə  partlayır ki, elə bil, ətrafda mələklər uçuşur. Bir gözüm hacılarda, bir gözüm dükanların qarşısına vurulan “Nisyə mal verilmir” cümləsində, dayanmışam. Bu söz neçə-neçə ailələrin qapısına vurulan qıfıl deyilmi? Hacıların heç biri o elanı dükanların qapısandan qopara bilməz və ya qoparmaq heç ağlına gəlməz, istəsə də eləməz. Hacıları çox  olan  vətəndə dükan qapılarında  bu elanlar nə gəzir, ilahi? Elə burda yadıma təndir çörəyi düşür. Anam həmişə çörək bişirəndə qonşulara  da   verərdi. Onlar da bişirəndə  bizi yadlarından çıxarmazdı.  Onda kəndimizdə bir dənə olsun, hacı yoxuydu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR