Yazıçılar Birliyinə üzv olmaq istəyənlər

Azərbaycanda yazıçı, şair və tərcüməçilərin ən böyük ictimai təşkilatı olan Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzvlüklə bağlı müəyyən tələblər mövcuddur.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Metbuat.az-a açıqlamasında bildirib ki, qəbul məsələsinə Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyası baxır:

"Qəbul Komissiyasının üzvləri Azərbaycanın görkəmli şair və yazıçılarıdır. Üzvlüyə layiq olub-olmayanlara onlar qərar verir. Qəbul qaydalarında göstərilik ki, həmin şəxslərin bir neçə kitabı olmalı, dövrü mətbuatda yazıları çap olunmalı, həmçinin yazıları Yazıçılar Birliyinin “Azərbaycan” jurnalı, “Uduz” jurnalı və “Ədəbiyyat” qəzetində çap olunmalıdır. Ən azı iki kitabı olmalıdır ki, Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilə bilsin. Ondan sonra Qəbul Komissiyası həmin yazı və əsərlərin üzvlüyə layiq olub-olmadığını dəyərləndirir".

Xəyal Rza bir ildən çoxdur üzvlüyə qəbul olunmaq üçün gözləyən şəxslərlə bağlı məsələyə də açıqlama verib. Bildirib ki, orada bir çox səbəblər ola bilər. Ola bilər ki, müraciət edənlərin sayı çoxdur. Ola da bilər ki, baxılıb, lakin layiq görülməyib.

Şair, tərcüməçi, esseist Səlim Babullaoğlu isə açıqlamasında bildirib ki, Azərbaycan Yazıçılar Birliyinə üzvlük kriteriyaları müəyyən yazıların siyahısı və kitablarla yanaşı, üzv olmaq istəyən şəxsin istedadlı olması ilə bağlıdır:

“Həmin şəxs təkcə yazmaqla kifayətlənməməli, ədəbi işlə də müəyyən qədər məşğul olmalıdır. Ayda, ildə bir şeir yazan adam o demək deyil ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olsun. Ədəbi prosesdə bir aktivlik məsələsi var. Bu, nəzərə alınmalıdır. Amma birinci növbədə istedad. Yazıçıdırsa, yazıçı, şairdirsə, şair, publisistdirsə, publisist kimi istedadlı olmalı və bununla yanaşı aktiv yazmalıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda məşhurların dil qüsurları araşdırılır- VİDEO – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR