“Siyasi məsləhətləşmə praktikası hər iki tərəfin maraqlarına cavab verir” - Aydın Mirzəzadə

Azərbaycan hər zaman qonşuluq əlaqələrinə böyük önəm verir.

Ölkəmiz torpaqlarımızı işğal altında saxlayan Ermənistanı çıxmaqla digər qonşu dövlətlərlə bir çox sahələrdə əməkdaşlıq edir, yüksək səviyyəli əlaqələr qurur.

Azərbaycanın cənub qonşusu İranla da yaxın münasibətləri var. Bunu bir neçə gün öncə prezident İlham Əliyev də qeyd edib. Dövlət başçısı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib ki, son illər ərzində İran prezidenti ilə 10-a yaxın görüşün keçirilməsi əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir.

Millət vəkili, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq var:

“Tarixi qonşuluğumuz, ümumi mədəniyyətimiz, dinimiz və dilimizin olmağı dostluğumuzu vacib edir. Ölkələrimiz arasında iqtisadi əlaqələr çox güclüdür və bunların genişləndirilməsi üçün müvafiq addımlar atılır. Layihələr həyata keçirilir, birgə müəssisələr açılır və qarşılıqlı surətdə investisiyanın cəlb edilməsi üçün addımlar atılır. Ölkələrimiz arasında siyasi məsləhətləşmə praktikası artıq hər iki tərəfin maraqlarına cavab verir. Həm regionun, həm də dünyanın aktual məsələləri bir qayda olaraq bütün səviyyələrdə müzakirə mövzusudur.

Vaxtaşırı hər iki ölkənin rəsmiləri bir-birinə qarşılıqlı səfər edərək ortada maraq doğuran məsələləri müzakirə edirlər. Qarşılıqlı surətdə turist səfərləri və mədəniyyətin, incəsənətin yaxınlaşması, ölkələrimizin bir-birinin mədəniyyətinə böyük maraq göstərməsi bu günümüzün reallığında olan məsələlərdir. Hərbi-texniki sahədə də əməkdaşlığımız var.

Hər iki tərəf bir-birinin apardığı hərbi siyasətə böyük hörmətlə yanaşır. Elm, təhsil sahəsində də əməkdaşlığımız nümunə olacaq səviyyədədir. Bir sözlə, hər iki ölkə bir-birinin daxili işinə qarışmadan, bir-birinin milli maraqlarına yüksək səviyyədə hörmət etməklə qarşılıqlı mehriban, qonşuluq mühitinin yaranmasına kömək edir”.

Qeyd edək ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulub. Azərbaycanla İran arasında 99 sənəd imzalanıb.

Günay Elşadqızı / METBUAT.AZ

Sabah Ermənistanda prezident seçiləcək - Kim seçilə bilər? - Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI