“ABŞ-ın bu hərəkəti ilk növbədə Çinə və Rusiyaya qarşı atılan addımlardır” – Arzu Nağıyev

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə may ayında görüşməyi qəbul edib.

Metbuat.az-ın məlumatına görə, bunu Cənubi Koreya Milli Təhlükəsizlik Müşaviri Çon In Yön ABŞ rəsmiləri ilə görüşünün ardından Ağ Evdə mətbuata açıqlamasında deyib.

Şimali Koreya lideri Kimin Trampa göndərdiyi və içərisində ABŞ prezidenti ilə ən qısa müddətdə görüşmək istəyinin yer aldığı məktubdan bəhs edən Çon bildirib ki, “Tramp möhkəm şəkildə (Koreya Yarımadasının) nüvədən təmizlənməsi məqsədinə çatmaq üçün may ayında Kim Çen ilə görüşəcəyini deyib”.

Digər tərəfdən, Ağ Evin sözçüsü Sarah Sanders də yazılı açıqlamasında Trampla Kimin görüşəcəyini təsdiqləyib. Sanders, görüşün yeri və vaxtının daha sonra müəyyənləşəcəyini qeyd edib: “Şimali Koreyanın nüvədən təmizləməsini səbirsizliklə gözləyirik. O vaxta qədər Şimali Koreya üzərindəki bütün sanksiyalar və təzyiq maksimum davam etməlidir”.

Görüşlə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevun sözlərinə görə, Cənubi Koreyada keçirilən Qış Olimpiadasında o məsələnin həlli ilə bağlı müəyyən mesajlar verilirdi: “Məhz Şimali və Cənubi Koreya nümayəndələrinin görüşməsi, eyni zamanda müəyyən məsələlərin həll edilməsi istiqamətində Amerika Birləşmiş Ştatları müsbət addımlar atırdı. Burada artıq həmin məsələnin müəyyən cücərtiləri var idi ki, bu görüş baş tutmalıdır. Son vaxtlar məhz Amerika Birləşmiş Ştatlarının özünün bir nömrəli düşməni kimi qapalı və ya açıq şəkildə Rusiya və Çini bildirməsi də buna bir mesaj idi ki, əvvəl-axır nəyin bahasına olursa-olsun ABŞ məhz həmin dövlətlərin əleyhinə olaraq Cənubi və Şimali Koreyanın birləşməsi istiqamətində müəyyən addımlar atacaq.

Yəni bu, ilk növbədə Çinə və Rusiyaya qarşı atılan addımlardır. Məhz bu görüşdən sonra ayrı-ayrılıqda Cənubi və Şimali Koreya nümayəndələrinin qəbul edilməsi məsələsi ilə bağlı may ayına görüşün təyin edilməsi də gündəmə gəldi. Düşünürəm ki, bunların hamısının məram və məqsədi ilk növbədə Şimali və Cənubi Koreyanın münasibətlərini müsbətə istiqamətləndirmək və bu proseslərdən Çinlə, Rusiyaya qarşı istifadə etməkdir. Şimali Koreyanın nüvə proqramı ilə bağlı onu demək olar ki, bu məsələlərin hamısı görüşdən sonra aydın ola bilər. Nüvə proqramının əvəzinə Amerika Birləşmiş Ştatlarının hansı təkliflərinin olacağı çox mühüm əhəmiyyət kəsb edir. Bundan sonra artıq nüvə proqramı ilə bağlı hansı tendensiyaların olacağı ilə bağlı danışmaq mümkündür”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz” – Rufiz Qonaqov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI