Bitkoini olanlar MÜTLƏQ OXUSUN

Virtual valyuta olan bitkoin ucuzlaşmağa başlayıb.

Son 24 saatda bitkoin 15.33% geriləyərək 7.783 dollara qədər enib. Hazırda isə rəqəmsal valyutanın məzənnəsi 8.228 dollar təşkil edir.

“Bitkoinlə bağlı edilən xəbərdarlıqlar bazara öz təsirini göstərdi”.

Bu sözləri Metbuat.az saytına açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib. İqtisadçı qeyd edib:

“2017-ci ilin əvvəli ilə müqayisədə ilin sonlarında bitkoin təxminən 20 dəfə bahalaşdı. Bu, balon qiymətlər idi. Əvvəldən də proqnozlaşdırılan kimi oldu. Bitkoin ətrafında ajiotaj formalaşdı. Bu, daha çox informasiya və kommunikasiya vasitələrinin yolu ilə həyata keçirildi. Qiymətin artımı prosesi zamanı investorların bu istiqamətə marağı daha da yüksəldi. Onların alış hərəkətinə keçməsi qiymətləri artıran əsas faktor oldu. Amma buna paralel olaraq beynəlxalq maliyyə institutlarının rəhbərləri, müxtəlif investor və maliyyəçilər, həmçinin dünyanın mərkəzi bankları səviyyəsində (FED, Britaniya, Almaniya, Avropa Birliyinin mərkəzi bankları daxil olmaqla) xəbərdarlıqlar gəlməyə başladı. Yaxın gələcəkdə qlobal maliyyə qurumlarının kriptovalyutanı rəsmi ödəniş vasitəsi olaraq qəbul etməsi ehtimalı çox azdır.

Bitkoinin maddi təminatı yoxdur

Eyni zamanda, kriptovalyutanın arxasında dayanan hər hansı bir iqtsadi dəyər yoxdur. Kriptovalyuta bildiyiniz kimi hər hansı bir rəsmi qurumun dövlətin valyutası deyil. Bitkoinin bahalaşmasında səbəb hər hansı bir iqtisadi inkişaf deyil. Sadəcə informasiyanın yaratdığı dəyərdir. Bu dəyərin də maddi təminatı olmadığı üçün çox risklidir. Eyni zamanda, buradakı mexanizmlər formalaşmayıb. Nəticədə bitkoin bu gün cinayətkar qrupların əsas ödəniş vasitəsinə çevrilib.

Hakerlərin hücumu

Daha sonra bitkoinin toxunulmazlıq məsələsi gündəmə gəldi. Bildiyiniz kimi, Cənubi Koreyada hakerlər kriptovalyutanın digər bir növü ilə bağlı hərəkətlər etdilər. Hakerlər sistemi qırmışdılar. Bu da bitkoinin riskliliyini daha da artırdı. Hadisədən bir neçə saat sonra isə Yaponiyada ən böyük bitkoin investorun əlində olan bitkoinləri bazara təqdim etməsi son nəticədə bitkoin ətrafında olan perspektiv fikirlərin müəyyən qədər zəifləməsi ilə nəticələndi. Bu proseslər fonunda ilin əvvəli ilə müqayisədə bitkoinin dəyərində əhəmiyyətli dərəcədə ucuzlaşma müşahidə etdik.

Avropa Mərkəzi Bankının mesajı

Burada onu da qeyd etmək lazımdır ki, dünya birjası ötən ilin dekabr ayının 21-də bitkoinə ticarətə şərait yaratdı. Sonrakı proseslər bitkoinin istifadəsinin mexanizmlərinin düşünülməsi və bu mexanizmlərin təkmilləşdirilməsi istiqamətində hədəfləndi. Avropa Mərkəzi Bankı bitkoindən cinayətkar qurupların istifadəsi imkanlarını məhdudlaşdırmaq üçün müəyyən texniki bazanın formalaşması ilə bağlı mesajlar verməyə başladı. Bu, son nəticədə qeyd etdiyimiz qruplar tərəfindən valyutanın bu növünə marağın aşağı düşməsinə gətirib çıxardı. Bir neçə gün əvvəl isə Yaponiya Mərkəzi Bankı bitkoinlə bağlı dünya ölkələrinə xəbərdarlıqları daha artırdı.

Ümumilikdə, bu informasiyalar kriptovalyuta ilə bağlı risk yaradır və nəticədə bazardakı investorlar kriptovalyutaları bazara təklif edirlər. Təklifin artması son nəticədə kriptovalyutanın ucuzlaşması ilə nəticələnir. Düşünürəm bu proses davam edəcək. Çünki bitkoin əlavə dəyər yaratmır. Bitkoinin arxasında hər hansı bir dəyər dayanmadığı üçün çox riskli ödəmə növü hesab olunur. Bu baxımdan, tənzimlənmə mexanizminin sərtləşdirilməsi bitkoinin daha da ucuzlaşmasına və valyuta növünün istifadəsinə marağın azalmasına gətirib çıxaracaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Dünya birjalarında neft – ucuzlaşıb – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR