“Ermənistan bütün qonşuları ilə ərazi iddiasındadır” – Elman Məmmədov

“Azərbaycanla əməkdaşlığımız ilbəil artır. Biz tərəfdaşlarımıza Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə təşəkkür edirik".

Metbuat.az xəbər verir ki, bunu ötən gün Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşün yekunlarına dair birgə keçirilən mətbuat konfransında Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze bildirib: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu regionda sabitliyin və sülhün təmin olunması baxımından olduqca önəmlidir. Regionda olan münaqişələrin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq.

Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib. Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır. Müntəzəm görüşlərimizi davam etdirməliyik Biz dördtərəfli əməkdaşlıq çərçivəsində bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, dörd dövlətin xarici işlər nazirlərinin görüşü çox önəmli və xeyirli görüş idi: “Düşünürəm ki, gələcəkdə Rusiyanın da bu görüşə qatılması məqsədəuyğun olardı. Yəqin ki, dördtərəfli formatdan sonra gələcəkdə bu format artacaq, beştərəfli, altıtərəfli və s. formatlar da olacaq. Çünki region dövlətlərinin iş birliyi inkişafın, sabitliyin təməlində durur.

O ki, qaldı Gürcüstan xarici işlər nazirinin fikirlərinə, bu təbii ki, dəyərli fikirlərdir. Gürcüstanın özü də bu problemlərin içərisindədir. Yəni, Gürcüstanın ərazi bütövlüyü də pozulub, bildiyiniz kimi, Abxaziya, Cənubi Osetiya məsələsi var. Gürcüstan da öz ərazi bütövlüyün bərpa eləmək uğrunda mübarizə aparır. Eyni zamanda, belə bir məqam da var ki, Azərbaycan ərazi bütövlüyünü pozan, torpaqlarının 20%-ni işğal edən Ermənistan bu gün artıq Gürcüstanın Cavaxetiya bölgəsinə də göz dikib. Onlar o bölgənin də ermənilərə məxsus olduğunu, oranın Gürcüstandan alına biləcəyi haqqında iddiaları var. Yəni, bu işğalçı, terrorçu dövlət bütün qonşuları ilə ərazi iddiasındadır. Azərbaycanın ərazilərini işğal edib, Gürcüstana ərazi iddiası var, uzun illərdir Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edir. İrandan isə işləri keçir, ancaq yenə də müəyyən məqamlarda İrana da ərazi iddiaları var.

Buna görə də Gürcüstan tərəfi təbii ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında maraqlıdılar. Bu, onların özləri üçün də xeyirlidir. Həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması regionda sabitliyin, stabilliyin, sülhün, inkişafın bərqərar olmasına səbəb olan amildir. Bu, çox vacib məsələdir və biz təbii ki, Gürcüstan dövlətinə və onun xarici işlər nazirinə təşəkkürümüzü bildiririk ki, bu fikirləri səsləndirib”.

Günay Elşadqızı / METBUAT.AZ

“Dördtərəfli görüş və Bakı Bəyənnaməsi Ermənistanda təşvişlə qarşılanıb” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı