“İran XİN rəhbərinin fikri Ermənistanın xam xəyallarının iflasa uğradığını göstərir” – Azər Badamov

“Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”.

Metbuat.az-ın məlumatına görə, bunu ötən gün İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək: “Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik. Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, Azərbaycan, Türkiyə, Gürcüsta və İranın xarici işlər nazirlərinin dördtərəfli görüşünün məqsədi regional əməkdaşlığı genişləndirməkdir: “Bildiyimiz kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun artıq açılışı olub və o istiqamətdə işlər görülür. Azərbaycanın Avropaya tranzit imkanları genişləndirilib. Artıq bu layihəyə İran da qoşulmaq istədiyini bildirib. İranda bu gün Astara-Rəşt dəmir yolunun tikintisi aparılır. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bu yolun tikintisi başa çatdıqdan sonra İran da Azərbaycan üzərindən tranzit işlərin həyata keçirilməsi istiqamətində birgə layihələrə qoşulacaq. Bu da ümumilikdə regional əməkdaşlığın genişlənməsi üçün imkanlar açır.

Məhəmməd Cavad Zərif bildirib ki, İran beynəlxalq hüquqa hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu fikirlərin İran tərəfindən səsləndirilməsi bir daha göstərir ki, cənub qonşumuz Azərbaycanla əməkdaşlığa böyük üstünlük verir və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Belə bir fikrin ifadə edilməsi təbii ki, çox müsbət haldır. Çünki bizimlə düşmən olan, torpaqlarımızı işğal altında saxlayan Ermənistan dəfələrlə bildirib ki, İranla layihələrin həyata keçirilməsi istiqamətində danışılıb. Bundan sonra İranın Azərbaycan istiqamətindəki layihələrə qoşulmaq istəməsini bildirməsi, görüşlərdə iştirakı bir daha Ermənistanın xam xəyallarının iflasa uğradığını göstərir.

Azərbaycan, Türkiyə, Gürcüstan, İran qonşu dövlətlər kimi bir-birini dəstəkləyir və hər bir istiqamətdə beynəlxalq hüququn təminatında, iqtisadi layihələrin həyata keçirilməsində bir-birinin yanında olduqlarını bildirirlər. Çünki hər dörd dövlət qonşu olaraq birgə layihələrdən öz payını götürəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycana qarşı məkrli niyyəti reallaşdırmaq cəhdləri daima mövcuddur” – Fəzail İbrahimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı